İranın gizli nüvə proqramı var? - Zərif cavab verdi

  01 May 2018    Oxunub : 1002
İranın gizli nüvə proqramı var? - Zərif cavab verdi
İran, ABŞ və İsrail arasında nüvə qalmaqalı getdikcə artır. Rəsmi Tehran ittihamları qəbul etmir.
İsrailin baş naziri Benyamin Netanyahu ötən gün bildirmişdi ki, İsrail kəşfiyyatı İranın nüvə proqramına dair 183 CD-də yerləşən, 55 min səhifədən ibarət gizli məlumatlar əldə edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iddialara “Twitter” hesabında cavab verib və Netanyahunun çıxışını yalanlayıb.

“Yalançı çoban yenə iş başındadır. Birləşmiş Millətlər Təşkilatındakı karikatura fiaskosu da onun əzmini sındıra bilməyib. Artıq kiçik bir kütləni aldada bilərsən”- deyə Zərif tvit atıb.

İranın XİN rəhbəri daha sonra qeyd edib: “Prezident Donald Tramp razılaşmanı pozmaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin gündəmindən çıxmış köhnə iddialara müraciət edir. Bu nə qədər uyğundur? Yalançı çoban tərəfindən dilə gətirilən bu kəşfiyyat iddiaları mayın 12-dən bir neçə gün öncəyə təsadüf edir. Amma, Trampın bunu qeyd etməyə başlaması, bütün gizliliyi pozdu”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə İranla əldə edilən nüvə razılaşmasının ləğv edilməsinin vacib olduğunu deyib. Bildirib ki, bununla bağlı yekun qərarını mayın 12-də açıqlayacaq. Buna baxmayaraq, razılaşmanı imzalayan ölkələrdən biri olan Fransa isə müqaviləyə sadiq qalınmasını, yaxud yeni bir razılşmanın əldə edilməsini müdafiə edir.

Kənan Məmmədov
AzVision.az

Teqlər: İran   İsrail   Zərif   Nüvə