Vakant dövlət qulluğuna müsahibə elan olundu

Vakant dövlət qulluğuna müsahibə elan olundu
  02 May 2018    Oxunub:1572
Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 12 dövlət orqanı üzrə inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan 95 vakant icraçı və rəhbər vəzifələrə (AB, AC, BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – iyunun 2-dək davam edəcək. Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 02 may 2018-ci il tarixindən 02 iyun 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

- struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

- vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (38), Əmlak Məsələləri Dövlət Komitəsi (18), Səhiyyə Nazirliyi (18) tərəfindən təqdim olunmuşdur. Təqdim olunan ən yüksək vakant vəzifə Səhiyyə Nazirliyinin Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsi müdir müavinidir.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

Səhiyyə Nazirliyi (18 vakant vəzifə) AB2 altqrupu üzrə1, AC4 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 8, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 2

- Maliyyə Nazirliyi (5 vakant vəzifə) BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 4

- Əmlak Məsələləri Dövlət Komitəsi (18 vakant vəzifə) BA4 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 6, BB4 altqrupu üzrə 8

- Biləsuvar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1

- Mingəçevir Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2

- Salyan Rayon Məhkəməsi (1 vakant vəzifə) BB3 altqrupu üzrə 1

- Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5

- Xaçmaz Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (38 vakant vəzifə) AB3 altqrupu üzrə 4, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 11, BB4 altqrupu üzrə 21

- Tarif (Qiymət) Şurasının Katibliyi (1 vakant vəzifə) BA4 altqrupu üzrə 1

- Yardımlı Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1

- Qusar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1.

Əlavə olaraq qeyd edək ki, müsabiqəyə çıxarılmış 95 vakant inzibati vəzifədən 5-i AB vəzifə qrupu,1-i AC vəzifə qrupu, 19-u BA vəzifə qrupu, 70-i isə BB vəzifə qrupuna aiddir.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti