ABŞ-da Şuşa ilə bağlı kampaniya aparılır

ABŞ-da Şuşa ilə bağlı kampaniya aparılır
  09 May 2018    Oxunub:1607
ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətini və siyasi dairələrini Şuşa şəhərinin işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı hələ də davam edən hərbi təcavüzü barədə hər il keçirilən “Şuşanın işğalının 26-cı ildönümü. Biz qayıdacağıq!” adlı məlumatlandırma kampaniyasına start verib.
ABŞ administrasiyasının üzvlərinə, konqresmenlərə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilən dörd qətnaməsinə (№ 822, 853, 874, 844) məhəl qoymayan Ermənistana təzyiq göstərməyin vaxtı yetişib.

26 il bundan öncə Ermənistan Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində Azərbaycan xalqına qarşı müharibəyə başlayıb. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafdakı yeddi rayonu işğal edilib, bu ərazilərdə yaşayan 800 min nəfərə yaxın etnik azərbaycanlı əhali öz doğma yurdundan qovulub.

Müraciətdə mayın 8-də Azərbaycan mədəniyyətinin mərkəzi sayılan qədim Şuşa şəhərinin işğalından 26 ilin keçdiyi bildirilir. Qeyd olunur ki, Şuşa öz musiqiçiləri, bəstəkarları və ifaçıları ilə məşhurdur. Lakin son 26 ildə bu şəhər Ermənistan tərəfindən dağıntılara, işğala və sistematik etnik təmizləməyə məruz qalıb. Bildirilir ki, 1992-ci ilə qədər Azərbaycanın Dağlıq Qarabağ regionunda ən mühüm şəhər olan Şuşanın əhalisinin 92 faizi etnik azərbaycanlı idi. O da diqqətə çatdırılır ki, Şuşa işğal ediləndən əvvəl, 1992-ci ilin fevral ayında Xocalıda erməni qoşunları tərəfindən törədilmiş soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib.

Müraciətin sonunda bildirilir ki, ədalətin təmin olunması üçün tədbirlərin görülməsi - BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrinin yerinə yetirilməsi, Azərbaycan ərazisində qeyri-qanuni olan Ermənistan silahlı qüvvələrinin oradan çıxarılması, Azərbaycanın məcburi köçkünlərinin öz evlərinə qayıtmaları üçün şəraitin yaradılması və bütün hərbi əsirlərin qaytarılması zəruridir. (AzərTac)

AzVision.az


Teqlər: ABŞ   Şuşa  





Xəbər lenti