ABŞ İsrailin Suriyanı bombalamasını dəstəkləyir

ABŞ İsrailin Suriyanı bombalamasını dəstəkləyir
  10 May 2018    Oxunub:1104
“İsrailin Suriya ərazisinə hava zərbələri ölkənin özünümüdafiəsinə olan suveren hüququdur. Vaşinqton İsrailin öz torpaqlarının qorunmasına yönələn bütün fəaliyyətini dəstəkləyir”
AzVision.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders "Fox News" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bütün bunlar bir daha göstərir ki, İran rejiminə etibar etmək olmaz və Donald Tramp nüvə sazişindən çıxmaqla düzgün qərar verib.

Qeyd edək ki, gecə saatlarında İsrail hərbçiləri Suriyadakı İran hərbi bazalarına çox sayda hava zərbələri endirib. Rəsmi Təl-Əviv iddia edir ki, İran İnqilabı Keşikçilərinin xüsusi “Qüds” hərbi-kəşfiyyat birləşməsi Suriya ərazisindən İsrailin Qolan yüksəkliklərindəki mövqelərinə 20 raket zərbəsi endirib. Suriya tərəfi isə İsrailin cavab zərbələri zamanı hava hücumundan müdafiə sistemləri vasitəsilə onlarla raketi zərərsizləşdirdiyini deyib. Hava zərbələri nəticəsində ölən və yaralananlar barədə hələki dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Suriya və İsrail rəsmi olaraq müharibə şəraitindədir. XX əsr boyu 3 böyük silahlı münaqişədə bu iki ölkə bir-birinə qarşı vuruşub və Dəməşqlə Təl-Əviv arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Belə ki, fələstinlilərə qarşı siyasətinə görə, Suriya hökuməti İsrailin mövcud olma hüququnu tanımır. İsrail isə öz növbəsində, Suriya və İran rejimlərini düşmən hesab edir.

AzVision.az



Teqlər: ABŞ   İsrail  





Xəbər lenti