"Ukrayna ilə məsləhətləşmələrə hazırıq" - Lavrov

"Ukrayna ilə məsləhətləşmələrə hazırıq" - Lavrov
  10 May 2018    Oxunub:1197
Rusiyanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov almaniyalı həmkarı Xayko Maasla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, "Şimal axını-2" qaz kəməri layihəsinin realizə olunması Avropa üçün olduqca faydalıdır.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Lavrov həmkarı ilə görüşdə bir sıra məsələləri müzakirə edib.

Lavrovun sözlərinə görə, Rusiya tərəfi dəfələrlə bildirib ki, müəyyən olunmuş həcmdə Ukrayna ərazisindən qaz tranzitinin saxlanılmasına qarşı deyil.

"Başlıca məsələ odur ki, bunun iqtisadi əsası olsun, siyasi məsələ kimi sırınmasın. Belə olarsa, biz Ukrayna tərəfi ilə məsləhətləşmələrə hazırıq. Bu gün almaniyalı həmkarımıza da bunu söylədik" - deyə Lavrov bildirib.

Onun fikrincə, "Şimal axını-2" qaz kəməri Avropa üçün tamamilə iqtisadi əsaslı və faydalı layihədir. Çünki bu qaz kəməri hazırda Ukraynadan Almaniyaya çəkilən kəmərdən iki dəfə qısadır. Bu baxımdan tranzitin qiyməti indikindən ucuz olacaq.

Qeyd edək ki, ABŞ Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Şimal-Axını   Lavrov  





Xəbər lenti