"Paşinyan ölkəni idarə edə bilməyəcək" - Aleksandr İskəndəryan

"Paşinyan ölkəni idarə edə bilməyəcək" - Aleksandr İskəndəryan
  10 May 2018    Oxunub:3640
"Ermənistanda azlıq hökuməti qurmaq, çox güman ki, mümkün olmayacaq"
AzVision.az xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Paşinyan sırf öz silahdaşlarından ibarət hökumət formalaşdıra bilər. Amma bu uzun müddət mövcud olmayacaq. Çünki onun tərəfdarlarının çoxu "mitinq" adamlarıdır və ölkəni necə idarə edəckləri sual altındadır: "Həm də ki, Paşinyanın mübarizəsinə qoşulanların konkret ambisiya və gözləntiləri var. Onlar Paşinyanı gözəl gözləri, ryukzakı, yaxud "kepka"sına görə dəstəkləməyiblər. Ortada konkret səbəblər var. Həmin adamlar, yaxud onların təqdim edəcəkləri şəxslərə elitarlar sırasında müəyyən vəzifələrin təklif olunacağına dair zəmanət verilib".



İskəndəryan hesab edir ki, ölkədə dəyişikliklər etmək üçün Paşinyana parlamentin dəstəyi vacibdir. Lakin politoloq bu dəstəyi təmin edəcək növbədənkənar parlament seçkilərinin yaxın zamanda keçiriləcəyini fikirləşmir. Çünki seçki məcəlləsinin dəyişdirilməsi üçün Paşinyana 63 deputatın səsi lazımdır ki, o, ya Respublikaçılarla yenidən danışıqlara getməli, ya da küçə aksiyalarının təzyiqini işə salmalıdır:



"Seçki məcəlləsinin dəyişdirilməsinə gəlincə, anlamıram ki, bu, ümumiyyətlə nəyə lazımdır?. Əgər Paşinyan deyirsə ki, qanunlar əvvəlki hakimiyyətin xeyrinə uyğunlaşdırılıb, onda qoy, özü ölkə idarəçiliyində başqa güc formalaşdırsın. Belə də, həmin qanunların hamısı onun xeyrinə işləyəcək".-deyə İskəndəryan vurğulayıb.

O, Ermənistanda partiyalı sistemin artıq çökdüyünə dair maraqlı iddia da səsləndirib: "Respublika partiyasının qalıb-qalmayacağı dəqiq deyil. Qalsa belə, prinsipcə bu, artıq başqa partiya olacaq. "Yelk" partiyasının da vahid tərkibdə qalacağını demək çətindir".



Erməni ekspertlərsə, İskəndəryanın dediklərini Paşinyanı Ermənistanın keçmiş baş naziri Serj Sarkisyanın yolu ilə getməyə - hakimiyyətini möhkəmləndirmək üçün ölkədə qanunsuzluq başlatmağa çağırış kimi dəyərləndiriblər. Onların fikrincə, belə olarsa, Paşinyanı kresloya oturdan xalq özü onu devirəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan   Sarkisyan  





Xəbər lenti