Paşinyan Bakıda təhsil alan generala vəzifə vermədi

Paşinyan Bakıda təhsil alan generala vəzifə vermədi
  11 May 2018    Oxunub:1849
Ermənistanın müdafiə naziri vəzifəsinə general-leytenant Vaqarşak Arutyunyanın təyin ediləcəyi gözlənilirdi. Lakin yeni baş nazir Nikol Paşinyan açıqlama verərək, ölkənin yeni müdafiə nazirinin David Tonoyan olacağını elan edib.
AzVision.az“Jamanak” nəşrinə istinadən xəbər verir ki, Vaqarşak Arutyunyanı Qarabağdakı qondarma qurum dəstəkləyir. Separatçılar Rusiya ilə əlaqələri yaxşı olan hərbçinin Ermənistanın müdafiə naziri olmasını istəyir:

Nəşr yazıb: “Bu şəxs Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Arutyunyan ola bilər. Çünki, hərbi-siyasi anlayışı olmayan və Rusiya ilə münasibətləri müsbət məcrada tənzimləməyən bir şəxsin seçilməsi yaxşı nətəcələrə gətirib çıxara bilməz. Belə ki, nəticədə Rusiya Azərbaycan tərəfinin xeyrinə hərbi balansın dəyişdirilməsi üçün addımlar ata bilər. Bu da öz növbəsində Ermənistan və qondarma rejimin təhlükəsizlik sistemini təhlükə altında qoya bilər”.

Paşinyan isə separatçıların əleyhinə gedərək Bakıda təhsil alan generalın müdafiə naziri olmasına razılıq verməyib. Məlumat üçün bildirək ki, Tonayan 2010-cu ildə müdafiə nazirinin birinci müavini, 2017-ci ildə isə fövqəladə hallar naziri təyin olunub.

Qeyd edək ki, V.Arutyunyan 1956-cı ilin 28 aprel tarixində Gürcüstanın Axalkələk bölgəsində anadan olub. 1978-ci ildə Bakıda keçmiş S.M.Kirov adına Xəzər Ali Hərbi-dəniz Məktəbini bitirib.1991-ci ildə Rusiya Sərhəd Qoşunlarının hərbi-dəniz akademiyasını bitirib və 1978-1990-ci illərdə Uzaq Şərqdə xidmət edib. 1991-1992-ci illərdə Ermənistan Respublikasının müdafiə komitəsinin sədrinin birinci müavini, daxili işlər nazirinin müavini olub.

1992-1994-cü illərdə isə MDB birləşmiş silahlı qüvvələrinin Baş komandanlığının qərargah rəisinin müavini işləyib. 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. O, 2002-ci ildə keçmiş baş nazir Aram Sarkisyanın başçılıq etdiyi, müxalifətdə olan Ermənistan Respublikaçılar partiyasına üzv olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Paşinyan   Ermənistan   Qarabağ  





Xəbər lenti