Paşinyan növbədənkənar seçki təyin etdi

Paşinyan növbədənkənar seçki təyin etdi
  11 May 2018    Oxunub:1474
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar parlament seçkiləri konstitusiyaya uyğun olaraq tez bir zamanda, uyğun vaxt olan kimi keçiriləcək.
“Konstitusiyaya uyğun olaraq hökumətin proqramının təsdiq edilməsindən sonra da parlamenti buraxıb növbədənkənar seçkilər keçirmək olar. Seçkilər maksimal məntiqi müddətdə keçiriləcək” - deyə Paşinyan bildirib.

Lakin daha öncəki açıqlamasında o, müvəqqəti hökumətin qurulmasından sonra növbədənkənar parlament seçkilərini keçirməzdən əvvəl, ilk işin seçki məcəlləsinə dəyişiklik etmək olduğunu demişdi. Çünki yalnız bu halda Respublikaçıların parlamentdə mütləq çoxluq yığmasının qarşısını almaq olar.

Erməni ekspertlərin sözlərinə görə, bu dəfə Paşinyanın seçki məcəlləsini dilə gətirməməsi müxalifətə keçən Respublikaçılarla müəyyən razılığa gəlməsindən xəbər verir. Ola da bilər ki, “Çarukyan” partiyasının üzvü Naira Zöhrabyanın dediyi kimi, Respublikaçıların biznes qanadındakı deputatlar partiyanı tərk edərək Paşinyanın blokuna qoşulsunlar.

Qeyd edək ki, Ermənistan konstitusiyasına uyğun olaraq, baş nazir seçildikdən sonrakı 5 gün ərzində Paşinyan ölkə prezidentinə müavinlərinin və nazirlərin namizədliyini təklif etməlidir. Hökumət formalaşdıqdan sonra isə 20 gün müddətində ölkə parlamentinə nazirlər kabinetinin proqramı təqdim olunmalıdır. Parlament isə öz növbəsində 7 gün ərzində hökumətin proqramını təsdiq etməlidir. Əks təqdirdə, qanunverici orqan avtomatik buraxılacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan   Seçki  





Xəbər lenti