“Müsavat Partiyasının üzvü 10 bülleteni götürüb qaçıb”

“Müsavat Partiyasının üzvü 10 bülleteni götürüb qaçıb”
  09 Oktyabr 2013    Oxunub:1146
Yeni Azərbaycan Partiyası (YAP) seçki prosesində baş verənlərlə bağlı məlumat yayıb.
YAP-dan verilən məlumatda prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçiləri “səsvermə prosesinin pozulmasına yönəlmiş təxribatlar” törətməkdə ittiham olunur: “Prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçiləri seçki məntəqələrində normal şəraitdə davam edən səsvermə prosesinin pozulmasına yönəlmiş cəhdlər edirlər. Yeni Azərbaycan Partiyasının səsvermə prosesini izləyən müşahidəçilərinin verdikləri məlumatlara görə, Cəmil Həsənlinin seçki məntəqələrindəki yerli müşahidəçiləri, eləcə də onun təmsil etdiyi radikal qüvvələrin nümayəndələri normal şəraitdə davam edən seçki prosesinin pozulmasına yönəlmiş təxribatlara əl atırlar. Guya səsvermə prosesində hansısa qanun pozuntularının baş verməsi barədə rəyin formalaşdırılması məqsədinə xidmət edən bu cür təxribatçı hərəkətlər, xüsusilə beynəlxalq müşahidəçilərin məntəqələrdə müşahidə aparması zamanı baş verir”.

Məlumatda qeyd olunub ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 29 saylı məntəqəsində «Azadlıq» qəzetinin əməkdaşı Xəqani Əliyev seçicilərin məntəqəyə gəlişinə və səs verməsinə əngəl törədib: “Seçki məntəqələrində müşahidə aparan nümayəndələrdən daxil olan məlumatda bildirilib ki, 90 saylı Ağdaş dairə seçki komissiyasının 22 və 29 saylı seçki məntəqələrində Milli Şuranın təmsilçiləri Elçin Çələbiyev və Yusif Məmmədov saxta sənədlərlə özlərini KİV nümayəndəsi kimi təqdim edərək, səsverməni qeyri-qanuni müşahidə etmək istəyiblər”.

YAP-ın məlumatında vurğulanıb ki, 62 saylı Cəlilabad dairəsinin 19 saylı seçki məntəqəsində Müsavat Partiyasının üzvü Hacı Səfər oğlu Məmmədov 10 ədəd seçki bülletenini götürüb qaçıb. Hadisə ilə bağlı MSK-ya məlumat verilib, şəxs axtarılır.
34 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində isə Milli Şuranın müşahidəçisi 4 ədəd səsvermə bülletenini götürüb qaytarmır.

Bir sıra dairələrdə isə (92 saylı Zərdab DSK-nın 2, 5 və 30 saylı məntəqələri) AXCP-nin rayon təşkilatının sədri Talışxan İskəndərov və AXCP-nin müşahidəçisi Möylam Vəliyev qeyri-qanuni çəkiliş aparmağa çalışıblar.

YAP müşahidəçilərinin bildirdiyinə görə, bütün qanun pozuntuları haqqında müvafiq formada akt tərtib edilib.

Prezidentliyə namizəd Cəmil Həsənlinin Seçki Qərargahı da seçkidə baş verənlərlə bağlı açıqlama yayıb. C. Həsənlinin Seçki Qərargahının məlumatına görə, 36 saylı Xətai dördüncü seçki dairəsinin 16, 17, 18 saylı məntəqələrinə, 19 saylı Nərimanov birinci seçki dairəsinin 30 saylı məntəqəsinə Cəmil Həsənlinin müşahidəçiləri buraxılmayıb.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 3 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu Akif Şahbazovun verdiyi məlumata görə, bu məntəqəyə gələn seçicilərin bəzilərinin barmaqlarına mürəkkəb vurulmur.

75 saylı Lənkəran-Masallı seçki dairəsinin 79 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü İbrahim Məmmədovun verdiyi məlumata görə, onun müşahidəçilərin yanında əyləşməyə icazə verilib.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 17 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu müşahidəçi Ramiz Hacıyevin verdiyi məlumata görə, seçki bülletenləri məntəqə seçki komissiyası üzvləri tərəfindən sayılmayıb.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 8 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Akif Şahbazovun verdiyi məlumata görə, bir seçicinin bir neçə seçki bülletenini seçki qutusuna atdığı müşahidə olunub və bu barədə akt tərtib edilib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətindən isə daxil olan məlumatda bildirilib ki, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin Seçki Qərargahının rəhbəri Sörhab Abdullayev müşahidəçilərinin 100-dən artıq dairədə prosesi izlədiyini deyib: “Əsasən, seçki prosesi normal keçirilir və heç bir ciddi qanun pozuntusuna rast gəlinməyib”.(Apa)


Teqlər:  





Xəbər lenti