ABŞ-dakı diaspor təşkilatından Helsinki Komissiyasına müraciət

  11 May 2018    Oxunub : 368
ABŞ-dakı diaspor təşkilatından Helsinki Komissiyasına müraciət
Nyu-Yorkdakı Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabova ABŞ Konqresinin Helsinki Komissiyasına bəyanat ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, bəyanatda Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət yürütdüyü və atdığı addımları öz milli maraqlarına uyğun olaraq müəyyənləşdirdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə, həmçinin milli maraqlarına uyğun balans siyasətinə üstünlük verməkdə maraqlıdır.

Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurduğu və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb etdiyi də bəyanatda öz əksini tapıb.

Bəyanatda, həmçinin bildirilib: “Azərbaycan 2011-ci ildə baş verən dəhşətli terror aktında dərhal ABŞ-ı dəstəklədiyini bütün dünyaya bəyan edib. Bunun bir səbəbi ölkəmizin humanizm prinsiplərini rəhbər tutaraq hər cür terrorçu fəaliyyətin əleyhinə çıxış etməsidirsə, digər bir səbəbi isə 1990-cı illərdə Ermənistan Respublikası tərəfindən himayə edilən terrorçu qrupların hücumuna məruz qalması, yəni, terrorun necə böyük bir bəla olduğunu bilməsidir”.

* * *

ABŞ-dakı “Millennial” Siyasət Mərkəzinin təsisçi üzvü Vüqar Şahbazlı da Helsinki Komissiyasına bəyanat ünvanlayıb. Bəyanatda 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, ölkədə həyata keçirilən islahatlar, Azərbaycan-ABŞ tərəfdaşıq əlaqələri haqda məlumat verilib. Ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər ƏliyevPrezident İlham Əliyevin ABŞ-a səfərlərinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycanı regionda böyük iqtisadi potensiala və böyük nüfuza malik ölkə kimi dəyərləndirib. Azərbaycanın Avropanın enerji təchizatındakı rolu, Cənub Qaz Dəhlizi və digər enerji layihələrindəki rolu yüksək qiymətləndirilib.

“Bildiyimiz kimi, ABŞ ilə Azərbaycan arasında əməkdaşlıqda terrorizmə qarşı mübarizə xüsusi yer tutur. Əfqanıstan, Kosovo, İraqda sülhyaratma proseslərində iştirak, təhlükəsizliyin təmin olunması istiqamətində terrorizmə, ekstremizmə qarşı birgə mübarizənin aparılması ölkələr arasındakı münasibətlərdə xüsusi yer tutur. Gündən-günə inkişaf edən Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı dövlətdir. 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisələri zamanı Azərbaycan qeyd-şərtsiz ABŞ-a dəstək verərək, beynəlxalq terrorizmə qarşı mübarizədə köməyini əsirgəməyib. ABŞ-Azərbaycan münasibətlərində digər mühüm məqam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, ABŞ münaqişənin həlli prosesinə yaxından cəlb olunub. Azərbaycan xalqı ABŞ-ın münaqişənin həllinə, sayı 1 milyonu ötmüş qaçqın və məcburi köçkünün öz doğma yerlərinə qayıtmasına dəstək verəcəyinə inanır”, - deyə bəyanatda bildirilib.

Bəyanatda, həmçinin qeyd edilib ki, ABŞ-dakı bəzi qurumlar Azərbaycandakı inkişaf proseslərini görməzlikdən gəlir və müəyyən lobbist qruplar müvafiq hesabatlarla Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir ki, bu da Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanmır.

Bəyanatın sonunda 2018-ci il aprel seçkilərində İlham Əliyevin 86 faiz səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi faktı diqqətə çatdırılıb. Məhz İlham Əliyevin rəhbərliyi altında milli maraqların müdafiəsinə əsaslanan siyasətin həyata keçirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğu vurğulanıb. “Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət, digərlərinin daxili işlərinə qarışmamaq və s. kimi prinsiplərə əsaslanan siyasət yürüdür. Bu yanaşmanın özü müsbət nəticələrə rəvac verir. Azərbaycanın xarici siyasəti müstəqildir”, - deyə bəyanatda qeyd edilib.

AzVision.az

Teqlər: ABŞ   Diaspor   Helsinki