Müəllimlərin işə qəbulu qaydalarında yenilik

Müəllimlərin işə qəbulu qaydalarında yenilik
  13 May 2018    Oxunub:3005
Təhsil nazirinin əmri ilə “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar”ı təsdiqlənib.
Yeni qaydalara əsasən, bu il müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan vətəndaşı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcək.

Yeni qaydalara görə, müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Təhsil Nazirliyi tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən müddətli müqavilə ilə işə 6 qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.

Mövcud qaydalara əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya həmin müəssisədə vakant yer olmadığı halda, rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir.

Ümumi təhsil müəssisələrində işə yeni direktor müavinlərinin (təsərrüfat işləri üzrə direktor müavinləri istisna olmaqla) qəbulu ümumi təhsil müəssisəsində müəllim işləyən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il fasiləsiz pedaqoji stajı olan şəxslərin vəzifədə irəli çəkilməsi, yaxud Təhsil Nazirliyinin razılığı ilə yerli təhsili idarəetmə orqanı tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 (iki) tədris ili müddətində qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür.

Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər.

Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

Müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan və yeni yaranan vakant yerlər üçün əlavə yerləşdirmə keçirilə bilər. Əlavə yerləşdirmədə yalnız keçid balı toplayaraq işə qəbul oluna bilməyən namizədlər, səkkiz vakant yer seçərək iştirak edə bilərlər. Vakant yerlərin seçimi üçün nəzərdə tutulmuş vaxt başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır.

Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdirilir, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir.

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu 25 iyun - 5 iyul tarixlərində baş tutacaq.

Müsabiqənin test imtahanı və müsahibə mərhələləri Azərbaycan Texniki Universitetində keçiriləcək.

AzVision.az


Teqlər: Müəllim   Təhsil-Nazirliyi  





Xəbər lenti