Gürcüstanın azərbaycanlı deputatı: “Etirazçıları dəstəkləmirəm”

Gürcüstanın azərbaycanlı deputatı: “Etirazçıları dəstəkləmirəm”
  14 May 2018    Oxunub:1728
“Gürcüstana külli miqdarda narkotikin gətirilməsinə icazə verilib. Bundan sonra bir neçə ölüm halı qeydə alınıb. Artıq barlarda reydlər başlanılır və xırda narkotik alverçiləri tutulur”.
Bunu AzVision.az-a Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Tbilisidə keçirilən etiraz aksiyalarına münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, dövlət narkotikin kimlər tərəfindən ölkəyə gətirilməsinə nəzarət etməlidir: "Gürcüstanın əsas gəlir mənbəyi turizmdir. Gecə barlarını bağlayıb, orada reydlər keçirməklə, xırda narkotik alverçilərini tutmaqla, məsələ kökündən həll olunan deyil. Aksiyalarda bəziləri bildirir ki, dövlət bu insanlara qarşı getməklə heç nəyə nail olmayacaq. Çünki 10 minlərlə insan işsiz qalıb. Dövlət onlar haqqında düşünməlidir. Sərhədlərdə mühafizəni gücləndirmək lazımdır ki, narkotikləri ölkəyə kimlərin gətirdiyi bilinsin. İnsanları barlarda yoxlamaqla, tutmaqla heç nə əldə olunmayacaq".

A.Süleymanov, həmçinin aksiyaçılara dəstək vermədiyini bildirib: "Bəziləri narkotikin ölkədə leqallaşmasının tərəfdarıdır. Bunun hamısı dövlətin zəif idarəçiliyindən irəli gəlir. Mən həmişə bunun əleyhinə olmuşam. "Avropa, Avropa..." deməklə deyil, bu işlərin hamısına tam hazır deyilik. Avropanın bəzi yerlərində bunun açıq satışına icazə verilsə də, Gürcüstan buna hazır deyil. Burada xeyli insan işsizdir. Aksiya iştirakçıları dövlət qarşısında müəyyən tələblər qoyurlar. Tələblər yerinə yetirilməsə, bir neçə gündən sonra aksiyalar davam edəcək. Əslində onların tələbinin nə olduğu da başa düşülmür. Çünki başsız aksiyadır, rəhbər yoxdur. Nəzərə almaq lazımdır ki, Gürcüstanın 20 faizi işğal altındadır. Gənclər bu barədə düşünmürlər. Narkotikin leqallaşdırılması ilə bağlı fikirlər var idi. Bu, heç də sevindirici hal deyil".

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Rustaveli prospektində etiraz aksiyası keçirilib. Nümayişçilər Tbilisinin gecə klublarında narkotacirlərə qarşı xüsusi əməliyyat zamanı polis zorakılığına etiraz ediblər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gürcüstan   Aksiya   Deputat  



Xəbər lenti