Kataloniya 7 aydan sonra öz liderini seçdi

Kataloniya 7 aydan sonra öz liderini seçdi
  14 May 2018    Oxunub:1374
Bu gün Kataloniya parlamenti avtonomiyanın liderini seçib.
AzVision.az "El Periodico" nəşrinə istinadən xəbər verir ki, qalib şənbə günü ilk turda az səslə məğlub olan, lakin bu gün keçirilən səsvermənin ikinci turunda mütləq çoxluq qazanan “Kataloniya naminə Birlikdə” qrupunun üzvü Kim Torradır.

Torranın namizədliyini Kataloniyanın İspaniyadan qaçmış sabiq lideri Karlos Puçdemon şəxsən özü irəli sürüb və bugünkü səsvermənin gedişini də Berlindən birbaşa izləyib.



Kim Torranın rəhbər seçilməsilə ötən ilin oktyabrından sonra birbaşa rəsmi Madriddəki mərkəzi hökumət tərəfindən idarə olunan Kataloniya yenidən öz hökuməti ilə idarə olunacaq. Bu, həmçinin, İspaniya baş naziri Mariya Raxoya çoxdandır ləngidilən mərkəzi hökumət büdcəsinin tətbiqində regional partiyalardan umduğu dəstəyi təmin edəcək. Lakin şənbə günü çıxışında Torra regionda və Madridlə münasibətlərdə yeni gərginlik yarada biləcək ifadələr işlədərək, demək olar ki, yalnız Kataloniya respublikası xeyrinə işləyəcəyini deyib və Karlos Puçdemonu avtonom regionun leqitim lideri adlandırıb.



İspaniya mərkəzi hökuməti onun nitqini qarşıdurmaya səbəb olacaq çıxış hesab edib və bəyan edib ki, əgər Kataloniyanın yeni yerli hökuməti qanunu bir də tapdalasa, rəsmi Madrid birbaşa idarəçiliyiə keçəcək.

Qeyd edək ki, sabiq lider Karlos Puçdemon 2017-ci ilin oktyabrın 1-də ölkə konstitusiyasına zidd olaraq Kataloniyada müstəqillik referendumu keçirməsi və ardınca avtonomiyanın müstəqilliyini elan etdiyinə görə İspaniya baş naziri Mariano Raxoy onu Kataloniyanın rəhbəri vəzifəsindən kənarlaşdırıb və o, ölkədən qaçaraq Belçikaya gedib. Hazırda isə Almaniyadan siyasi sığınacaq alaraq Berlində yaşayır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İspaniya  





Xəbər lenti