Qərbin sanksiyalarına riayət edənlər həbs olunacaq

Qərbin sanksiyalarına riayət edənlər həbs olunacaq
  15 May 2018    Oxunub:1894
Rusiya Dövlət Duması Qərbin sanksiyalarına qarşı irəli sürülən qanun layihəsini ilk oxunuşda qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Dumasının rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, sənəd Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının, dövlətin maraqları və təhlükəsizliyinin qorunması naminə tədbirlər görməyə hesablanıb.

Qanuna əsasən, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara riayət edən şirkət və şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub. Qanun layihəsinin müəllifləri sırasında Federasiya Şurasının spikeri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Kommunist Partiyasının lideri Qennadiy Zyuqanov və Liberal Demokratlar Partiyasının sədri Vladimor Jirinovski yer alıb.

İlk oxunuşda qəbul olunan qanuna əsasən, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara riayət edənləri 4 ilədək həbs cəzası, yaxud 600 min rubladək cərimə gözləyir. Bundan başqa, qanun layihəsində qeyd olunub ki, Rusiyaya qarşı həmin sanksiyaların tətbiqinə vəsilə olanlar da 3 ilədək həbs və 500 min rubladək cərimə olunacaqlar.

Qeyd edək ki, Rusiya hökuməti və Ali Məhkəməsi də sözügedən qanun layihəsini dəstəkləyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Sanksiya  





Xəbər lenti