Suriya müxalifəti Soçi görüşündən imtina etdi - (Yenilənib)
“Biz bura ona görə gəlmişik ki, münaqişənin bütün aspektlərini Astanada və yalnız Astanada müzakirə edək. Əgər Suriyada atəşkəsə qarant dövlətlər danışıqların aparılması üçün başqa ölkə istəyirlərsə, onda bu, yalnız onlara aiddir. Biz yalnız Astananı istəyirik.” – deyə Toma bildirib.
Qeyd edək ki, 2 gündür davam edən Astana danışıqlarının yekununa dair Rusiya, Türkiyə və İranın qəbul etdiyi birgə bəyannamədə Suriya münaqişəsinin tənzimlənməsi üzrə növbəti yüksək səviyyəli danışıqların iyulda Rusiyanın Soçi şəhərində keçirilməsi barədə qərar qəbul olunub.
***
Suriya münaqişəsinin nizamlanmasına dair növbəti yüksək səviyyəli beynəlxalq danışıqlar iyulda Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Erjan Aşikbayev Astana danışıqlarının yekununa dair Rusiya, Türkiyə və İranın qəbul etdiyi birgə bəyannaməyə əsasən məlumat verib.
Qeyd edək ki, 2 gündür Qazaxıstanın paytaxtı Astanada Suriyada vəziyyətin nizamlanmasına dair danışıqların doqquzuncu raundu keçirilir. İkitərəfli və çoxtərəfli görüşlərdə Bəşər Əsəd hökumətinin təmsilçiləri, Suriyada atəşkəsə qarant ölkələr – Rusiya, İran və Türkiyə nümayəndə heyəti, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi, həmçinin Əhməd Tomanın rəhbərliyilə Suriya silahlı müxalifətinin 24 nəfərlik nümayəndə heyəti iştirak edib. ABŞ isə Astana formatı çərçivəsində bu dəfəki danışıqlara nümayəndə göndərməkdən imtina edib.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


