Xarici müşahidəçilər seçki barədə

Xarici müşahidəçilər seçki barədə
  10 Oktyabr 2013    Oxunub:1653
Çexiya nümayəndə heyətinin bəyanatı: Seçkilər Azərbaycanın demokratiyanın möhkəmləndirilməsi yolundakı irəliləyişində dönüş nöqtəsi olacaq.
AzVsison.az xəbər verir ki, Çexiya parlamentində Senatın üç başlıca partiyası - Sosial-Demokrat Partiyası (CSSD), Vətəndaş Demokrat Partiyası (ODS) və Vətəndaşların Hüquqları Partiyası - Zemanovçini (SPOZ) təmsil edən nümayəndə heyəti Azərbaycana 8-11 oktyabr 2013-cü il tarixlərində baş tutmuş səfərləri çərçivəsində 9 oktyabr prezident seçkilərini müşahidə etmək imkanı qazanıb və müvafiq olaraq, seçkilərin yaxşı təşkil edilmiş, dinc, sakit və şəffaf şəkildə və bütün dünyada qəbul edilmiş demokratik, azad və ədalətli seçki standartlarına tam uyğun keçdiyini qeyd ediblər.

Trend-in məlumatına görə, Çexiya nümayəndə heyətinin bəyanatında deyilir ki, bir çox əvvəlki seçkilərdən fərqli olaraq, başlıca müxalifət partiyalarının iştirakı ümumilikdə seçki prosesində böyük canlanma yaradıb.

Nümayəndə heyəti eyni zamanda seçici sayının yüksək olduğunu qeyd edir.

Çexiya siyasətinin həm sağçı, həm də solçu mərkəz partiyalarını təmsil edən nümayəndə heyətinin üzvləri, həmçinin öz ümidlərini ifadə edirlər ki, seçkilər nəinki Azərbaycanın demokratiyanın möhkəmləndirilməsi yolundakı irəliləyişində dönüş nöqtəsi olacaq, eyni zamanda, regionlarımızın daha da yaxınlaşmasına kömək edəcək.

Çex Respublikası strateji tərəfdaş və müttəfiq kimi, Azərbaycanın demokratiyanın möhkəmləndirilməsi sahəsində davamlı irəliləyişi üçün onunla əməkdaşlıq və ona kömək təmin etməyə hazırdır.

***

"İnanıram ki, Azərbaycan bu seçkilərdən də alnıaçıq çıxacaq". Trend-in məlumatına görə, bunu jurnalistlərə türkiyəli millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının QHT Forumunun həmsədri İsmayıl Safi bildirib.

Onun sözlərinə görə, bu gün onlar 4 nəfərlik nümayəndə heyəti ilə Azərbaycanda keçirilən seçkiləri izləyirlər: "Məntəqələrdə olduğumuz zaman seçici fəallığının kifayət qədər yüksək olmasının və səsvermə üçün bütün zəruri şəraitin yaradılmasının şahidi olduq. Bundan əlavə, biz məntəqələrdə təkcə hakimiyyət təmsilçiləri deyil, eyni zamanda, müxalifət, müstəqil namizədlər və digər müşahidəçilər üçün şərait yaradıldığını gördük. Bütün bunlar bir daha seçkilərin azad və şəffaf keçirilməsinə dəlalət edən amillərdir və biz seçkilərin demokratik məcrada keçirilməsinin şahidi olduq".

Artıq Azərbaycanda üçüncü dəfə seçkiləri izlədiyini deyən türkiyəli millət vəkili bildirib ki, hər seçkidən seçkiyə təkmilləşmənin şahidi olur və seçkilər daha demokratik şəraitdə keçirilir:
"Bundan əvvəl mən ABŞ-da seçkiləri izlədim və oradakı seçkilərlə burada keçirilən seçkilər arasında elə də ciddi texniki fərq hiss etmədim. Bəzi yerlərdə hansısa problemin olması istisna deyil və belə hallar dünyanın hər yerində olur. Bütün bunlara baxmayaraq, biz Azərbaycanda hər dəfə daha demokratik seçkilərin keçirildiyinin şahidi oluruq ki, bu da siyasi və iqtisadi cəhətdən müstəqil siyasət yürüdən Azərbaycanın demokratiya istiqamətində ciddi addım atmasının və bu yolda irəliləməsinin göstəricisidir".

***

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edildi. Bu barədə çərşənbə günü Trend-ə Yunanıstandan olan müşahidəçi, bu ölkənin parlament sədrinin sabiq müavini xanım Yelisaveta Papadimitriu deyib: "Seçkilərdə müşahidə sahəsində böyük təcrübəm var. Yalnız onu deyə bilərəm ki, Azərbaycanda seçkilər ən yüksək səviyyədə keçirildi. Hər şey yaxşı təşkil edilmişdi. Azərbaycan xalqını seçkilərin belə təşkil edilməsinə görə təbrik etmək istəyirəm".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.


Teqlər:





Xəbər lenti