Avropa ölkələri İranla “yola davam” dedi

Avropa ölkələri İranla “yola davam” dedi
  16 May 2018    Oxunub:2701
Brüsseldə Avropa ölkərləri ilə İran arasındakı danışıqlarda ABŞ-ın çıxmasından sonra pozulmaq təhlükəsilə üzləşən nüvə sazişinin müddəalarına əməl edilməsinə dair razılığa gəlinib.
AzVision.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər naziri, BMT vasitəçiləri və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerinin iştirak etdiyi danışıqlarda İranın nüvə sazişi üzrə intensiv ekspert məsləhətləşmələrinin davam etdirilməsi və praktik addımların atılması qərarı verilib.

Mogerini mövcud sazişin tərəfləri qane etdiyini deyib: “Biz hazırkı sənədin mətnində nəyisə dəyişmək fikrində deyilik. Çünki, orada artıq hər şey qeyd olunub. Sazişin mətninə əlavə və dəyişikliklər olmayacaq. Tərəflər sadəcə öz öhdəliklərini yerinə yetirməlidirlər: İran nüvə proqramının dayandırılmasını təmin edəcək, Avropa İttifaqı isə İranı konkret iqtisadi fayda ilə təchiz edəcək.”

Bununla belə, Mogerini Avropa ölkələrinin İrana hüququ müstəvidə heç bir zəmanət təklif etmədiyini vurğulayıb. Söhbət nüvə sazişini qorumaq üçün yalnız iqtisadi zəmanətdən gedib. Bu mənada ABŞ sanksiyalarına rəğmən, Avropa ölkələri İranla iqtisadi əməkdaşlığı davam etdirəcəklərinə söz verib:

“ABŞ-ın hərtərəfli müştərək fəaliyyət planından çıxmasına təəssüflənirik. Lakin biz rəsmi Tehranla nüvə sazişinin bütün müddəalarının icrasının vacibliyini, ilk növbədə İranla ticari və iqtisadi əlaqələrin inkişafı, neft və neft məhsullarının satışı, bu ölkə ilə maliyyə xidmətlərinin təklifi, dəniz və dəmiryolu nəqliyyatının inkişafı, Avropa və İran şirkətlərinin əməkdaşlığını sadələşdirəcək investisiya elementlərinin yaradılmasını təsdiq etdik” – deyə Mogerini vurğulayıb.

Onun sözlərinə görə, İranla nüvə sazişinin qorunub saxlanması rəsmi Tehranla digər problemlərin, o cümlədən İranın raket proqramı məsələsinin də həllini asanlaşdıracaq.

İranın xarici işlər naziri Cavad Zərif isə bildirib ki, Avropanın öz sözünün üstündə durmasını zaman göstərəcək: “Biz nüvə sazişinin saxlanması üçün növbəti addımlar barədə siyasi razılığa gəldik. Qarşıdakı həftələrdə nələrin ediləcəyindən çox şey asıldır. Nüvə sazişində İranın almalı olduğu bütün iqtisadi faydalar dəqiq əks olunub. Bilməliyik ki, sazişin digər iştirakçıları bunu bizə təmin edəcəklər, yaxud əksini görəcəyik”

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropa   İran  





Xəbər lenti