Putinin “KamAZ” sürdüyü körpü qalmaqala səbəb oldu

  16 May 2018    Oxunub : 2565
Putinin “KamAZ” sürdüyü körpü qalmaqala səbəb oldu
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Krımdan Rusiyaya körpü açılması ilə bağlı rəsmi Kiyevin ittihamlarını “tam ümidsizlikdən doğan çarəsizlik davranışı” adlandırıb.
AzVision.az-ın məlumatına görə, Zaxarova bildirib ki, Rusiya ilə Ukrayna arasında münasibətləri normallaşdırmaq üçün imkan həmişə var.

“Bəli, ərazilərini itiriblər, lakin bu seçimi insanlar edib. Amma heç kəs körpüləri yandırmağa hazırlaşmırdı, əksinə, hamı onları tikməyə çalışırdı. Ona görə də, aydın deyil ki, bu cür şərhlər vermək nəyə lazımdır.”- deyə Zaxarova vurğulayıb.

O, həmçinin bildirib ki, Ukraynanın dediklərinə əhəmiyyət vermək lazım deyil: “Çünki yenə də deyəcəklər ki, Krım körpüsünün açılışı real deyil, quramadır. Hətta kompüter qrafikasıdır”.



Qeyd edək ki, rəsmi Kiyev Ukraynanın icazəsi olmadan Krımdan Rusiyaya körpü açılmasını qanunsuz adlandırıb. Ukrayna Xarici İşlər Nazirliyi bununla Moskvanın BMT-nin dəniz hüququ üzrə 1982-ci il Konvensiyasını və beynəlxalq hüququn prinsiplərini pozduğunu deyib.

“Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü və Krım yarımadasının müvəqqəti işğalı fonunda Moskvanın bu hərəkəti, Ukraynanın suveren ərazisinin bir hissəsinin ilhaqını faktiki olaraq leqitimləşdirmək cəhdidir”- deyə rəsmi Kiyev bəyan edib.

ABŞ və Böyük Britaniya da krım körpüsünün açılışını piləyərək, bunun naviqasiyaya problem yaradacğını bəyan edib.

Xatırladaq ki, ötən gün Krım yarımadasını Rusiyanın Krasnodar vilayəti ilə birləşdirən körpünün açılışı olub. Rusiya prezidenti Vladimir Putin tədbirdə şəxsən iştirak edərək, körpünün davamlılığını yoxlamaq üçün “KamAZ” markalı 10 yük maşınından birini özü sürüb.



Tikintisinə 2016-cı ildən başlanılan Kerç boğazından keçən 19 kilometr uzunluğundakı Krım körpüsü hələ ki, yalnız yüngül avtomobillər və sərnişin avtobusları üçün açıqdır. Ağır tonnajlı yük maşınlarının körpüdən keçməsinə 2018-ci ilin oktyabrından, qatarların hərəkətin isə 2019-cu ilin sonundan icazə veriləcək. Körpüdən sutkada 40 min avtomobil və 47 qatar keçmək imkanına malikdir. O cümlədən, Krım körpüsü vasitəsilə ildə təqribən 14 milyon sərnişin və 13 milyon ton yük daşına bilər. Hər iki hərəkət istiqamətində iki zolaqdan ibarət olan Krım körpüsündə sürət həddi isə saatda maksimum 90 kilometr ola bilər və hərəkət zamanı dayanmaq qadağandır.



Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Rusiya   Krım   Körpü   Ukrayna