Kataloniya müstəqil olacaq?
İspaniya mərkəzi hökumətinin nümayəndələri isə Torranın vəzifəyə başlama mərasimində iştirak etməyiblər. Kataloniya parlamentindəki səsvermənin yalnız ikinci turunda və cəmi 1 səs çoxluğu ilə (66 deputat lehinə, 65-si əleyhinə) qalib gələrək 55 yaşlı Kim Torranın Kataloniya hökumətinin rəhbəri seçilməsini rəsmi Madrid elə də xoş qarşılamayıb.
Belə ki, seçkiqabağı kampaniyasında Torra Kataloniyanın müstəqilliyinin tərəfdarı olduğunu və hətta Madridlə dialoq nəticəsində olsa belə, Kataloniya respublikasının yaradılmasına nail olmağı planlaşdırdığını deyib. Parlamentdəki səsvermədə isə o, yalnız Kataloniya respublikası xeyrinə işləyəcəyini deyib və sabiq hökumət rəhbəri Karlos Puçdemonu avtonom regionun leqitim lideri adlandırıb. İspaniyanın baş naziri Mariya Raxoy isə bildirib ki, Torra da Puçdemonun yolu ilə gedərsə, konstitusiyanın 155-ci maddəsini yenidən işə salaraq, Kataloniyanın idarəçiliyini birbaşa mərkəzi hökumətin nəzarətinə verəcək.
Qeyd edək ki, Kim Torranın rəhbər seçilməsilə 7 aydan sonra Kataloniya yenidən öz hökuməti ilə idarə olunacaq. “Kataloniya naminə Birlikdə” partiyasının üzvü olan Torranın namizədliyini Kataloniyanın İspaniyadan qaçmış sabiq lideri Karlos Puçdemon şəxsən özü irəli sürmüşdü.
Puçdemon 2017-ci ilin oktyabrın 1-də ölkə konstitusiyasına zidd olaraq Kataloniyada müstəqillik referendumu keçirməsi və ardınca avtonomiyanın müstəqilliyini elan etdiyinə görə İspaniya baş naziri Mariano Raxoy tərəfindən vəzifəsindən kənarlaşdırıb və o, ölkədən qaçaraq Belçikaya gedib. Hazırda isə Almaniyadan siyasi sığınacaq alaraq Berlində yaşayır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Kataloniya referendum İspaniya







Vaxtında, Aydın, Lazımlı!


