Sarkisyan Paşinyanı devirib, hakimiyyətə qayıtmaq istəyir - PLANIN DETALLARI

Sarkisyan Paşinyanı devirib, hakimiyyətə qayıtmaq istəyir - PLANIN DETALLARI
  19 May 2018    Oxunub:16466
Ermənistanın keçmiş iqtidar, indi isə müxalifətdə olan Respublikaçılar partiyasının adının çəkilməsini istəməyən yüksək vəzifəli üzvü “EADaily”yə açıqlamasında bildirib ki, sabiq baş nazir Serj Sarkisyan gözləmə mövqeyinə keçərək, siyasi səhnəyə qayıtmaq üçün əlverişli məqam gözləyir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, Paşinyanın hökumət proqramının qəbuluna mane olmamaq barədə göstəriş verilib. Həmçinin yeni hökumətin fəaliyyətini populizm və emosiyalardan uzaq olmaq şərtilə, sadəcə tənqid etmək tapşırılıb.



"Bunun 2 səbəbi var. Birincisi, hazırda Respublikaçılar partiyası ictimai dəstəyini itirib. Ona görə də populizm bizə kömək etməyəcək. İkincisi, Paşinyan hökumətinin daha çox xarici siyasət sferasındakı savadsız fəaliyyəti və bəyanatlarının dəqiq və açıq şəkildə yayılmasını təmin etməkdir. Paşinyan komandasının səriştəsizliyini nəzərə alsaq, mütləq kobud səhvlərə yol verəcəklər. Respublikaçılar ümid edir ki, yeni hökumət tezliklə uğursuzluğa düçar olacaq. Çünki cəmiyyətin inqilabi gözləntilərini çətin ki, doğrulda bilsinlər.”



Respublikaçıların nümayəndəsi bir məqamı xüsusilə vurğulayıb ki, Serj Sarkisyan onlara Paşinyan hökumətinin fəaliyyətini sakitcə izləməyi və yalnız 3 mühüm məsələdə: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü və Avropa İttifaqı ilə hərtərəfli geniş əməkdaşlıq sazişinin realizəsi məsələlərində qəti kompromis göstərmədən birbaşa fəaliyyətə keçməyi tapşırıb.

Ermənistanın “Joxovurd” qəzeti yazır ki, Sarkisyan öz partiyadaşlarına 3 ay da gözləməyi məsləhət görüb və deyib ki, bu müddət ərzində Paşinyan Nazirlər Kabinetinin işini bərbad vəziyyətə salacaq və xalq da bundan məyus olacaq. 7 iyunda yeni hökumətin proqramı irəli sürüləndən sonra Respublikaçılar Paşinyanı nüfuzdan salmaq üçün əməli işə keçəcəklər.



Bu kontekstdə, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın bu gün Paşinyan haqqında söylədiklərindən belə qənaətə gəlmək olar ki, Serjikin planlarına "yaşıl işıq" yana bilər. Baqratyanın fikrincə, ya Paşinyanın hakimiyyəti dövründə də iqtisadi inkişafla bağlı yalan davam etdiriləcək, ya da Nikolun hökuməti çökəcək. Başqa yolu yoxdur.

“Paşinyan ölkədə statistik yalanların baş alıb getməsilə bağlı fikirlərinə rəğmən, Milli Statistika Xidmətinin sədri vəzifəsinə yenə də həmin yalanların müəllifini təyin etdi. Stepan Mnaçakanyan əvvəlki hökumətdə 7,5 faiz iqtisadi inkişafdan danışırdı. Yəni doğrudan 7,5 faiz artım qeydə alan hakimiyyəti tam dəyişirlər? Ya iqtisadi yalanlar yenə davam edəcək, ya da Paşinyan hökuməti çökəcək. Bununla da, xalqın etimad göstəricisi sıfıra enəcək” – deyə Baqratyan bildirib.



O, Paşinyanı xalqa yalan danışmaqda ittiham edib: “Vaxtilə Paşinyan indiki prezident Armen Sarkisyanın Ermənistan vətəndaşlığına şübhə edirdi və Britaniya vətəndaşlığından çıxmasına dair sənədlərini ictimaiyyətə göstərməyi tələb edirdi. Baş nazir seçildikdən sonra isə onunla görüşdü və birdən-birə gəlib bəyan etdi ki, Armen Sarkisyanın vətəndaşlığı ilə bağlı sənədlər qaydasındadır və bunu öz gözləri ilə görüb. Sual yaranır ki, prezident niyə təkcə Paşinyana bu sənədləri göstərib və niyə indi həmin Paşinyan bu sənədlərin ictimailəşdirilməsini tələb etmir?”.

Sabiq baş nazir daha bir həssas məqama toxunub - Paşinyan çox çətin bir məsələ barəsində xalqa söz verib: 2008-ci il seçkilərində hökumətin mart qırğınının üstünü açmaq.

Görünən odur ki, bu gedişlə Paşinyanın özü Serjikin yolunu gedəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Paşinyan  





Xəbər lenti