Türkiyə NATO-dan çıxa bilər - Perinçək prezident seçilsə...

  21 May 2018    Oxunub : 347
Türkiyə NATO-dan çıxa bilər - Perinçək prezident seçilsə...
Türkiyədə prezidentliyə namizəd, “Vətən” partiyasının rəhbəri Doğu Perinçək "RİA Novosti"-yə müsahibəsində bildirib ki, əgər ali dövlət vəzifəsinə seçilsə, Türkiyə NATO-dan çıxacaq.
“Alyansın üzvü olmasına baxmayaraq, NATO Türkiyəni düşmən gözündə görür. Bu yaxınlarda alyansın keçirdiyi təlimlərdə Atatürk və Türkiyənin hazırkı prezidenti hərbi hədəf kimi təqdim olunmuşdu. ABŞ kürd terrorçu birləşmələrinə kömək edir, onları silahlandırır, ona görə də Türkiyə və ABŞ artıq indidən qeyri-dost münasibətlərdədirlər. Biz hakimiyyətə gəlsək, Türkiyə NATO-dan çıxacaq, İncirlik aviabazasındakı amerikan təyyarələri evlərinə uçacaqlar, baza isə türk hərbçilərinin tam nəzarətinə keçəcək. Bununla da, Amerikanın Türkiyədəki hərbi mövcudluğuna son qoyulacaq” – deyə Perinçək vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın 6-cı dəniz donanmasının iştirakilə martda İsrail, Yunanıstan, Kipr və ABŞ Aralıq dənizinin şərqində Türkiyəyə qarşı istiqamətlənən hərbi təlimlər keçiriblər: “Mən bunu Türkiyə üçün böyük təhdid kimi qiymətləndirirəm və bu baxımdan hesab edirəm ki, bizim Rusiya, Suriya, İranİraqla dostluğumuz prioritet olmalıdır. ABŞ İranı təhdid etməyə başladı, nüvə sazişindən çıxdılar və sanksiyalarla hədələyirlər. Qüds alovunu böyüdəndən sonra ABŞ-ın İrana qarşı hərəkətə keçərək, onu bombardmana məruz qoyması təhlükəsi var.”



Perinçək hesab edir ki, ABŞ-ın İrana ünvanladığı hədələr daha çox Türkiyəyə qarşı yönəlib. “ABŞ-ın başlıca hədəfi bizik. Amerika niyə narahatdır? Türkiyə ABŞ-ın nəzarətindən çıxıb Rusiya və İranla birgə Avrasiyaya tərəf hərəkət edir ki, bu da bütün Yaxın Şərq regionunda qüvvələr balansını dəyişdi, ABŞ-ın dominantlığını sarsıtdı. Ona görə də, Türkiyəni İran və Rusiya ilə ittifaqdan uzaqlaşdırmaq üçün ABŞ təhdidlər yaradır” – deyə Türkiyə prezidentliyinə namizəd bildirib.

O, əlavə edib ki, ABŞ istəyinə çatmayacaq, çünki Türkiyənin bundan sonra Atlantik cəbhəsinə dönüşü qeyri-mümkündür: "Türkiyənin əsl yeri Rusiya, İran, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrilə birlikdə, Avrasiyadır".

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: NATO   Türkiyə