ABŞ-ın İrana qarşı “B Planı” - Vaşinqton tələblərini açıqladı

ABŞ-ın İrana qarşı “B Planı” - Vaşinqton tələblərini açıqladı
  21 May 2018    Oxunub:2143
ABŞ dövlət katibi Mayk Pompeo vəzifəyə təyin olunduğu vaxtdan bəri bu gün ilk böyük siyasi nitqini söyləyib. Onun çıxışı nüvə sazişindən çıxan Amerikanın İrana münasibətdə yeni siyasi kursuna - "B planı"na həsr edilib.
AzVision.az CNBC-yə istinadən xəbər verir ki, Pompeonun fikrincə, İranın “nə indi, nə də heç vaxt” nüvə silahı əldə etməməsi üçün ABŞ ciddi işə keçəcək.

O, İranı daha sərt sanksiyalarla təhdid edib. Bildirib ki, nüvə sazişi ilə aradan qaldırılan sanksiyalar artıq bərpa olunmaq üzrədir və İranın onsuz da kövrək iqtisadiyyatına əsaslı təzyiq olacaq:

“Bu, sadəcə başlanğıcdır. Sanksiyaların təsiri ağır olacaq. Tam hazırlanandan sonra bunlar tarixdəki ən güclü sanksiyalar olacaq”.

Pompeo hesab edir ki, İran əgər güzəşt istəyirsə, ABŞ-ın tələblərini yerinə yetirməlidir. Bu tələblər isə ballistik raketlərin hazırlanmasını dayandırmaq, İranda həbsdə saxlanılan amerikalıları azadlığa buraxmaq, Suriyadan qoşunları çıxarmaq, Yaxın Şərq və ondan kənarda silahlı birləşmələr və terrorçuları dəstəkləməyə son qoymaqdır.

“Yaxın Şərqdə dominantlıq etmək üçün İran heç vaxt kart-blanşa sahib olmayacaq” – deyə ABŞ dövlət katibi xüsusilə vurğulayıb.

Pempeo hədə dolu çıxışında bəyan edib ki, İran nüvə silahı əldə edərsə, bu, Tehran üçün ağır nəticələrə səbəb olacaq.

Tehranın "Hizbullah" kimi silahlı birləşmələrə dəstəyini dilə gətirən Pompeo iranlılara müraciətində “ölkənizin bununla tanınmasını istəyirsiniz? ABŞ inanır ki, siz daha yaxşısına layiqsiniz” - deyə söyləyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran  



Xəbər lenti