Poroşenko Putinin layihəsini dayandırmağa çalışır

  22 May 2018    Oxunub : 1033
Poroşenko Putinin layihəsini dayandırmağa çalışır
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Baltik dənizi vasitəsilə çəkdiyi “Şimal axını-2” qaz kəmərinin tikintisinin dayandırılmasına çağırıb və bunun bütün Avropa üçün təhlükəli layihə olduğunu deyib.
AzVision.az xəbər verir ki, Poroşenko bu barədə öz "Tvitter" hesabında yazıb.

“Şimal axını-2” iqtisadi layihə deyil, o, Avropanın bütövlüyünə zərər vurur və dayandırılmalıdır.” - deyə Ukrayna prezidenti bildirib.



Bir neçə gün əvvəl isə Rusiya xarici işlər naziri Sergey Lavrov "Şimal axını-2" qaz kəmərini Avropa üçün tamamilə iqtisadi əsaslı və faydalı layihə adlandırıb. Onun sözlərinə görə, bu qaz kəməri hazırda Ukraynadan Almaniyaya çəkilən kəmərdən iki dəfə qısadır. Bu baxımdan tranzitin qiyməti də indikindən ucuz olacaq.

Bildirilib ki, Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyayadək çəkiləcək “Şimal axını-2” qaz kəməri həmçinin, Avropaya kəsintisiz və etibarlı qaz nəqlini təmin etmək məqsədi daşıyır. Çünki Ukrayna ilə olan siyasi münasibətlər, həmçinin bu ölkə üzərindən qaz tranziti həcminin azaldılması problemlər yaradır.



Qeyd edək ki, Ukrayna ilə yanaşı, ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Həmçinin, Vaşinqton hesab edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ukrayna   Rusiya