Avropa Trampın qoyduğu şərtlərlə razılaşmır

  23 May 2018    Oxunub : 360
Avropa Trampın qoyduğu şərtlərlə razılaşmır
ABŞ prezident administrasiyası Avropa İttifaqı (Aİ) ilə ticarət məsələləri üzrə məsləhətləşmələr zamanı təklif edib ki, Aİ polad və alüminium ixracını müxtəlif yollarla 10% azaltsın.
AzVision.az xəbər verir ki, bu məlumatı məsləhətləşmələrdə iştirak edən Polşanın sahibkarlıq və texnologiylar naziri Yadviqa Emileviç təsdiqləyib.

Onun sözlərinə görə, Vaşinqton Brüsselə 2 təklif ünvanlayıb: kvotanı 2017-ci illdə ABŞ-a ixrac etdikləri polad və alüminium məhsullarının 90%-i həcmində müəyyənləşdirsinlər, yaxud da həmin metalların ixrac həcmini 10% azaltsınlar.

Amerika KİV-ləri administrasiyadakı mənbələrinə istinadən bildirirlər ki, Aİ 2017-ci ildəki ixracatın 90%-i həcmində kvota tətbiq edilməsini qanunsuz hesab edir. Həmçinin qeyd olunub ki, Aİ-nın bu cür tədbirlə barışmaq niyyəti yoxdur.

Xatırladaq ki, martın 23-də ABŞ prezidenti Donald Tramp 1 martdan etibarən ölkəyə gətiriləcək polada 25%, alüminiuma isə 10% tarif qoyub. Lakin Aİ-ə üzv dövlətlər və digər ölkələr üçün tarifin tətbiqi 1 mayadək dayandırılmışdı. Hazırda isə qərarın icrası iyunun 1-dək uzadılıb.

Almaniya kansleri Angela Merkel ABŞ-ın bu tədbirlərini əsassız adlandırıb, Avstriya baş naziri Sebastian Kurtz isə Trampın tarif siyasətinin Avropanın iqtisadi maraqlarına təhdid olduğunu söyləyib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   Avropa