Jurnalistlərin Şimali Koreyaya girişinə icazə verilib

Jurnalistlərin Şimali Koreyaya girişinə icazə verilib
  23 May 2018    Oxunub:1204
Cənubi Koreyanın 8 jurnalisti Pxenyanın indiyədək 6 nüvə raketi sınağı keçirdiyi Pxunqeri nüvə poliqonunun bağlanma mərasimində iştirak etmək üçün artıq Şimali Koreyaya çatıblar.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, Cənubdan olan jurnalistlər Pxunqeri nüvə poliqonunun bağlanmasını yayımlamaq üçün Vonsan şəhərinə yola düşüblər.

Cənubi Koreyanın Birləşmə məsələləri üzrə nazirliyinin yaydığı məlumata əsasən, jurnalistləri Vonsana Şimali Koreyanın hökumət təyyarəsi aparıb. Vonsana gələndən sonra isə Pxunqeri nüvə poliqonuna çatmaq üçün jurnalistlər xüsusi qatarla 10 saat yol gedəcəklər.



Qeyd edək ki, Pxunqeri nüvə poliqonunun bağlanma mərasimində Şimali Koreya yalnız Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Cənubi Koreya jurnalistlərinin iştirakına icazə verib. Cənubi Koreyadan başqa digər ölkələri təmsil edən jurnalistlər artıq 2 gündür ki, Şimali Koreyadadırlar. Rəsmi Pxenyan hərəsi üçün viza haqqı qismində 10 min dollar pul tələb etdiyinə görə, Seuldan olan jurnalistlər Şimali Koreyaya uçmaqda problemlə üzləşmişdilər. Lakin sonra Pxenyan Cənubi Koreyadan olan 8 jurnalisti qəbul edib.

Xatırladaq ki, aprelin 21-də Pxenyan əgər onlara təhdid və təxribatlar ünvanlanmasa, nüvə silahından imtina edəcəklərini bəyan edib. 27 apreldəki Koreyalararası sammitdə isə Şimali Koreya lideri Kim Çen In Pxunqeri nüvə poliqonunda raket sınaqlarını dayandırmaq və poliqonu bağlamağa razılıq verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: nüvə   Koreya  



Xəbər lenti