Avrokomissiyanın 2019-cu il üçün büdcəsi açıqlanıb
Avrokomissiya 2019-cu ilin büdcə layihəsində ümumi gəlirləri 166 milyard avro, xərcləri isə 149 milyard avro civarında müəyyənləşdirib. Büdcədə 80 milyard avronun, İttifaqın iqtisadi inkişafına töhfə vermək üçün ayrılması nəzərdə tutulub. İttifaq daxilində və onun hüdudlarından kənarda təhlükəsizliyin təmini üçün ayrılan vəsaitlər çərçivəsində Avropa Həmrəylik korpusuna 103 milyon avro, Avropa Müdafiə Sənayesinin İnkişafı Proqramına 245 milyon avro, İttifaqın baş prokurorluğuna 5 milyon avro, Türkiyədə Suriyadan gəlmiş qaçqınlara yardım üçünsə 1,5 milyard avro ayrılmasına göstəriş verilib.
Büdcə layihəsində həmçinin, 2019-cu il 30 martda Böyük Britaniyanın İttifaqdan çıxacağına rəğmən, 2020-ci ilədən hələ də üzvmüş kimi, qurumun büdcə öhdəliklərini yerinə yetirəcəyi bildirilir.
Qeyd edək ki, Avrokomissiyanın təklif etdiyi büdcə layihəsinin qüvvəyə minməsi üçün, Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən təsdiq edilməlidir. İttifaq büdcəsində gəlirlər, əsasən, üzv ölkələrin təqdim etdiyi qaynaqlardan formalaşır. Büdcənin xərcləri isə kənd-təsərrüfatı, iqtisadi və struktur fondlar, elm, tədqiqat, xarici əlaqələr, İttifaqın genişlənmə və idarəçilik xərclərindən ibarətdir. Avropa İttifaqı büdcəsinin təyinatı üzrə düzgün istifadəsinin yoxlanılmasını isə Lüksemburqda yerləşən Avropa Hesablama Palatası həyata keçirir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Aİ Türkiyə büdcə Suriya qaçqın







Vaxtında, Aydın, Lazımlı!


