Şimali Koreyanın nüvə poliqonu söküldü

Şimali Koreyanın nüvə poliqonu söküldü
  24 May 2018    Oxunub:1507
Şimali Koreya bu gün Pxunqeri nüvə poliqonunun sökülməsini başa çatdırıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, poliqonda fəaliyyət göstərən 3 nüvə şaxtasının hamısı yerüstü tikililərlə birlikdə partladılıb.

Şimali Koreyanın Nüvə Silahı İnstitutunun sədr müavini Kan Kyon Ho bildirib ki, partlayışlar nəticəsində ətraf mühitə radioaktiv maddələrin sızıntısı olmayıb. Həmçinin onu da vurğulayıb ki, Pxunqeri poliqonunun sökülməsi ilə, Şimali Koreyada yeraltı nüvə sınaqlarının keçirilməsi üçün artıq heç bir şaxta və poliqonlar qalmayıb. Bu isə onu göstərir ki, nüvə sınaqlarının dayandırılması məsələsində rəsmi Pxenyan şəffaflıq nümayiş etdirir.

Şimali Koreyanın indiyədək 6 nüvə raketi sınağı həyata keçirdiyi Pxunqeri nüvə poliqonunun tam sıradan çıxarılaraq bağlanma mərasimini yayımlamaq üçün, Pxenyan yalnız Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Cənubi Koreya jurnalistlərinin iştirakına icazə verib.

Xatırladaq ki, aprelin 21-də Pxenyan əgər onlara təhdid və təxribatlar ünvanlanmasa, nüvə silahından imtina edəcəklərini bəyan edib. 27 apreldəki Koreyalararası sammitdə isə Şimali Koreya lideri Kim Çen In "Pxunqeri" nüvə poliqonunda raket sınaqlarını dayandırmaq və poliqonu bağlamağa razılıq verib. ABŞ prezidenti Donald Tramp Pxenyanın bu qərarını "lütfkar jest" adlandırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   nüvə  





Xəbər lenti