Kürdlərin seçki saxtakarlığı: türkmənlərin etirazı davam edir

Kürdlərin seçki saxtakarlığı: türkmənlərin etirazı davam edir
  25 May 2018    Oxunub:1629
Seçki nəticələrinin saxtalaşdırılmasına qarşı İraqın Kərkük şəhərində keçirilən etiraz aksiyaları hələ də davam edir.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, artıq 13 gündür küçələrə axışan türkmənlər seçki qutularındakı səslərini heç kimin oğurlamağa haqqının çatmadığını və tapdanmış hüquqları bərpa edilməyənədək aksiyaları dayandırmayacaqlarını bəyan ediblər.
İraq Türkmən Cəhbəsinin Kərkükdəki sədri Qasım Qazancı keçirdiyi mətbuat konfransında bildirib ki, etirazlara son qoyulmasını istəyirsə, mərkəzi hökumət səslərin yenidən hesablanmasını təşkil etməlidir. Qazancı vurğulayıb ki, bu prosesə məhz İraq Seçki Komissarlığı mane olur. Odur ki, İraq Türkmən Cəbhəsi məsələ ilə bağlı məhkəməyə müraciət edəcək.

Türkməneli Partiyası siyasi bürosunun üzvü Əli Müftü isə deyib ki, “türkmənlərin hökumət və yeni parlamentdə iştirak etməsi olduqca vacibdir və onların iradəsi nəzərdə tutulmadan Bağdadda qurulacaq hökumət qanuni ola bilməcək”.

Xatırladaq ki, İraqda parlament seçkiləri mayın 12-də keçirilib. Türkmənlər yaşadıqları bölgələrdəki seçki məntəqələrində verdikləri səslərin kürd partiyalarının adına yazılaraq, seçki nəticələrinin saxtalaşdırıldığını bildirirlər. Kərkükdəki etirazlara son qoymaq üçün İraqın baş naziri Heydər İbadi türkmənlərin yaşadığı yerlərdə səslərin əllə yenidən hesablanmasını təklif edib. Lakin İraq qanunlarına görə, bunun üçün İraq Ali Seçki Komissarlığı müvafiq qərar verməlidir. Komissarlıq isə hələ ki, baş nazirin təklifini qiymətləndirmir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   Kürd   Seçki   Etiraz   Türkmən  





Xəbər lenti