İtaliyada hökumət böhranı - Konte rəhbərlikdən imtina etdi

İtaliyada hökumət böhranı - Konte rəhbərlikdən imtina etdi
  28 May 2018    Oxunub:1585
Florensiya Universitetinin professoru, hüquqşünas Cüzeppe Konte İtaliya hökumətinə rəhbərlikdən imtina edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Kontenin yeni hökumət formalaşdırmasına maneə yaradan səbəb iqtisadiyyat və maliyyə naziri vəzifəsinə namizədin müzakirəsi olub.

Belə ki, “Şimal liqası” partiyası 81 yaşlı iqtisadçı Paolo Savonanın iqtisadiyyat naziri təyin olunmasına təkid edib. Lakin anti-Avropa mövqeli Savonanın namizədliyi İtaliya prezidenti Serxio Mattarellanın xoşuna gəlməyib. Mattarellaya görə, onun təyinatı İtaliyanın maraqlarını təhdid edir. Nəticədə Cüzeppe Konte İtaliya prezidenti ilə görüşərək, koalisiya hökumətini qurmaqdan imtina etdiyini bildirib. Gözlənilir ki, Mattarella Beynəlxalq Valyuta Fondunun sabiq rəsmisi Karlo Kottarellidən müvəqqəti hökumətə rəhbərlik etməyi xahiş edəcək. Lakin yerli media qurumları bildirir ki, hökumət böhranı növbədənkənar seçkilərin keçirilməsini labüd edir. İkinci dünya müharibəsindən sonra İtaliya tarixində ilk dəfədir ki, belə hal yaşanır.

Ultra-sağçı “Şimal liqası” partiyasının sədri Matteo Salvini ölkə prezidenti Serxio Mattarellanın bu davranışına hiddətlə reaksiya verib: “Özümə sual edirəm ki, biz demokratik ölkəyik? İtaliyada italiyalılar qərar verir, yoxsa almanlar və fransızlar? Mənim nöqteyi-nəzərimdə bu, tamamilə ağlasığmazdır. Bu qədər vaxtımı boşuna sərf etdiyim üçün təəssüflənirəm. Heç olmasa bizə əvvəlcədən bildirərdilər.” “Beş ulduz hərəkatı" partiyasının lideri Luici Di Maio isə həmkarını geridə qoyaraq, İtaliya prezidentinin impiçmentini tələb edib.

Xatırladaq ki, Cüzeppe Kontenin baş nazir vəzifəsinə namizədliyi ötən həftənin əvvəlində
İtaliyada parlament seçkilərində qələbə qazanmış avroskeptik, populist və anti-miqrasiya siyasətinə qarşı çıxan partiyalar - “Beş ulduz hərəkatı” və “Şimal liqası” tərəfindən prezident Serxio Mattarellaya təqdim olunub. İndiyədək İtaliya siyasi arenasında çox az tanınan 54 yaşlı hüquq professoru Konte koalisiya hökumətini formalaşdırmalı idi.

Qeyd edək ki, “Şimal liqası” və “Beş ulduz” partiyaları Avropanı Azərbaycan qazı ilə təchiz edəcək TAP boru kəmərinin İtaliya hissəsinin çəkilməsinə qarşı keçirilən “No TAP” aksiyalarının təbliğatçılarıdır.

Leyla Elbrusqızı
AzVision.az





Teqlər: İtaliya   TAP  





Xəbər lenti