Dünyanın gözlədiyi görüş üçün hazırlıq başladı

Dünyanın gözlədiyi görüş üçün hazırlıq başladı
  28 May 2018    Oxunub:1308
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında Sinqapurda keçiriləcək görüşə hazırlıq başlayıb. Artıq Şimali Koreyanın nümayəndə heyəti Sinqapura yollanmaqdan üçün Pekinə gəlib.
AzVision.az "Yonhap" agentliyinə istinadən bildirir ki, Şimali Koreyanın 8 nəfərdən ibarət nümayəndə heyətinə Dövlət Şurasının sədr müavini Kim Çxan Son rəhbərlik edir.

Bildirilib ki, Pxenyandan olan nümayəndələr Sinqapurda amerikalı həmkarları ilə 12 iyuna planlaşdırılan sammitin təhlükəsizliyi və loqistik hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Vaşinqtonun tələblərinə uyğun olaraq, mayın 24-də Şimali Koreya Pxunqeri nüvə poliqonunu tam söküb. Lakin bunun ardınca ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi məktubda 12 iyun Sinqapurda keçirilməli olan ikitərəfli sammitdə iştirakdan imtina etdiyini bildirib. Səbəbini isə, Şimali Koreya liderinin son bəyanatında nümayiş etdirdiyi "böyük qəzəb və açıq düşmənçilik"lə əsaslandırıb.

Rəsmi Pxenyan isə cavabında, Trampın bu qərarının beynəlxalq birliyin istəklərinə zidd olduğunu, istənilən vaxt və istənilən formatda Vaşinqtonla sammit keçirməyə hazır olduqlarını bəyan edib. Bu cavabdan sonra Tramp yenidən Kim Çen Inla görüşə hazır olduğunu elan edib.

Xatırladaq ki, "The Washington Post" qəzeti özünün diplomatik mənbəyinə istinadən məlumat yaymışdı ki, Kim Çen In Donald Trampla iyunun 12-də Sinqapurdakı görüşə getməyə ehtiyat edir. Çünki fikirləşir ki, belə məqamda ölkədən çıxsa, Şimali Koreyada ona qarşı hərbi və ya dövlət çevrilişi edilə bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   sammit  





Xəbər lenti