ABŞ Şimali Koreyanı terror siyahısından çıxarır

ABŞ Şimali Koreyanı terror siyahısından çıxarır
  29 May 2018    Oxunub:977
Vaşinqton hazırda Pxenyanla apardığı məsləhətləşmələrdə tələb edir ki, Şimali Koreya hakimiyyəti 20 nüvə başlığının ölkədən çıxarılaraq ABŞ-a göndərilməsinə razılıq versin. Söhbət həmçinin, ballistik raketlərin ölkədən çıxarılmasından gedir.
AzVision.az xəbər verir ki, bu barədə "The Japan Times" ABŞ administrasiyasındakı rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, əgər Pxenyan buna razılaşsa, əvəzində ABŞ Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxaracaq. Bu isə ölkəyə humanitar yardımın göstərilməsinə qapıları açacaq. Lakin vurğulanır ki, hər iki tərəf bu məsələ ilə bağlı konkret razılaşmadan uzaqdır.

Şimali Koreya ümid edir ki, ABŞ onun təhlükəsizliyinə etibarlı zəmanət verəcək, həmçinin atəşkəs və barışıq barədə saziş sülh müqaviləsi ilə əvəzlənəcək.

Qeyd edək ki, ABŞ administrasiyası Şimali Koreyaya qarşı sanksiyaları da qeyri-müəyyən müddətə təxirə salıb. Səbəb kimi isə, ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın 12 iyun Sinqapurda planlaşdırılan görüşün ikitərəfli diplomatik əlaqələrin bərpası yolunda müsbət irəliləyiş yaratması göstərilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   sanksiya  





Xəbər lenti