“Terrorçu” adlandırılan miqrant Avropada qəhrəman oldu - VİDEO

“Terrorçu” adlandırılan miqrant Avropada qəhrəman oldu - VİDEO
  29 May 2018    Oxunub:2427
Şimali Afrika və Yaxın Şərqdəki münaqişələrdən, terror bəlasından canlarını qurtarmaq üçün Avropaya pənah gətirən miqrantlar heç də xoş qarşılanmadılar. “Müsəlmanlara Avropada yer yoxdur”, “məscidlərə yox!”, “müsəlman terrorçular”, “rədd olsun miqrantlar!” kimi islamofob və ksenofob şüarlarla diskriminativ münasibət, təhqirlər, təqiblər və hətta ölüm gördülər.
Lakin qovmaq istədikləri həmin o miqrantlardan biri indi Fransada, bütövlükdə isə Avropada sözün əsl mənasında qəhrəmana çevrilib. Şimal-şərqi Afrikada yerləşən Malidən qaçıb Fransaya gələn 22 yaşlı miqrant Mamudu Qassama azyaşlı uşağın həyatını xilas edib.

Xanım rəfiqəsi ilə gəzərkən Mamudu binanın 5-ci mərtəbəsindən asılı qalan uşağı görüb. Bir an belə fikirləşmədən Malidən olan miqrant öz həyatını təhlükəyə ataraq yalın əl-ayaqla tez birinci mərtəbədən 5-ə qədər binaya dırmaşıb və cəld tərpənərək yerə düşməyinə az qalmış uşağı 30 saniyə ərzində xilas edib.

Ətrafa yığılanlar bu anı çəkərək videonu internetə yerləşdiriblər. Hətta ən yaxınlıqda olan insanlardan heç kəsin risk edib köməyə getmədiyi halda, düşünmədən o, uşağı ölümdən xilas etdiyinə görə Mamudu fransızların qəhrəmanı olub.

Görüntüləri izləyənlər Malidən olan miqrant Mamuduya Fransa vətəndaşlığının verilməsinə çağırış ediblər. Nəticədə, qısa müddətdə məşhurlaşan Mamudunu Fransa prezidenti Emmanuel Makron da qəbul edərək, qəhrəman-miqrantın tezliklə vətəndaşlıq alacağına söz verib. Video yayılandan sonra Mamuduya hətta Parisin yanğın-xilasetmə xidmətindən iş təklifi də gəlib.



Uşağı nəzarətsiz qoyan fransalı ata isə valideynlik öhdəliklərinin yerinə yetirmədiyinə görə həbs edilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: miqrant   Avropa   Fransa  





Xəbər lenti