Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi
  29 May 2018    Oxunub:1474
Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığına görə, Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua bəyan edib.

"Gürcüstan Suriya ilə diplomatik münasibətlərin dayandırılması məqsədilə prosedur başladıb" - deyə Dondua bildirib.

Qeyd edək ki, Cənubi Osetiyadakı qondarma qurumun "Xarici İşlər Nazirliyi"nin rəsmi saytında yerləşdirilən bəyanata əsasən, Suriya Cənubi Osetiyianın müstəqilliyini rəsmən tanıyıb və səfirlər səviyyəsində ikitərəfli diplomatik əlaqələr qurulacaq. Rəsmi Dəməşq Cənubi Osetiya ilə yanaşı, Abxaziyanın da müstəqilliyini tanıyıb. Bu barədə isə Abxaziyadakı qondarma qurumun "prezidenti" Raul Xacimba məlumat verib.

Xatırladaq ki, Gürcüstanın tərkibində olan Cənubi Osetiya hələ 1990-cı ildə müstəqilliyini elan edib. Gürcü hökuməti osetinlərin separatçı davranışlarına son qoymağa çalışsa da, görülən tədbirlər nəticə verməyib. 1992-ci ilin gürcü-abxaz müharibəsi nəticəsində Abxaziya Gürcüstanın tərkibindən çıxaraq müstəqillik elan edib. Bununla da Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya əraziləri üzərində nəzarəti itirib. Müstəqilliklərini elan etmələrinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya beynəlxalq razılaşmalarda Gürcüstanın ərazisi kimi tanınır və heç bir dövlət tərəfindən qəbul edilmir. ABŞ və Avropa komissiyası isə onları Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirir.

Lakin Gürcüstanda 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya Federasiyası, Nikaraqua və Venesuela Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Daha sonra Nauru və Vanuatu da oxşar addımı atıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   Suriya   Osetiya   Abxaziya  





Xəbər lenti