HƏMAS İsraillə razılığa gəldi - Qəzzada atəşkəs elan olundu

HƏMAS İsraillə razılığa gəldi - Qəzzada atəşkəs elan olundu
  30 May 2018    Oxunub:1688
HƏMAS ilə İsrail Qəzzada atəşkəs rejiminin bərpasına dair razılıq əldə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə HƏMAS təşkilatı rəsmi bəyanat yayıb.

Bildirilib ki, “son saatlardakı müqavimət özündə təcavüzü əks etdirə və oyunun qaydalarının yenidən yazılmasının qarşısını ala bilib. Çoxsaylı vasitəçilik səyləri sayəsində Qəzza zonasında qarşlıqlı anlaşma və atəşkəs rejiminə qayıtmaq barədə razılıq əldə edilib.”

İsrail tərəfi HƏMAS-ın bu bəyanatını hələlik təsdiqləməyib. Bununla belə, son günlər rəsmi Təl-Əviv gərginliyin artmasını istəmədiklərini dəfələrlə bildiriblər.

Xatırladaq ki, ötən gün Qəzza zonasından İsrail ərazisinə 70 raket atılıb. Cavabında isə israil ordusu Qəzzaya 2 dəfə aviazərbələr endirib. Təl-Əvivin yaydığı məlumata görə, bu, son 4 ilin ən irimiqyaslı əməliyyatı olub və Qəzzada HƏMAS və “İslam cihadı”nın hərbiləşmiş 60 obyekti məhv edilib.

Qeyd edək ki, martın 30-dan etibarən İsrail ordusunun güc tətbiq etməsi nəticəsində Qəzza zonasında dünənədək azı 114 dinc fələstinli ölüb.

Qəzza zonasına Mahmud Abbasın liderlik etdiyi Fələstin Azadlıq Təşkilatına müxalif olan və onun hakimiyyətini tanımayan HƏMAS hərəkatı nəzarət edir. 10 ildən çoxdur ki, HƏMAS İsrail və Misirin tətbiq etdiyi sərhəd-nəqliyyat və iqtisadi sanksialar nəticəsində təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qəzza   İsrail   HƏMAS   Fələstin  





Xəbər lenti