Tramp Çin mallarına 25%-lik tarifi təsdiqləyib

Tramp Çin mallarına 25%-lik tarifi təsdiqləyib
  30 May 2018    Oxunub:1206
ABŞ prezidenti Donald Tramp Çindən gətirilən mallara 25% gömrük rüsumu qoyulması ilə bağlı qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi bəyanatında bildirilib.

Qeyd edilib ki, ABŞ-la Çin arasındakı ticarət əlaqələri qeyri-bərabərdir və bu kontekstdə Çindən ABŞ-a gətirilən avtomobillərə cəmi 2,5% tarif qoyulduğu halda, Amerikadan Çinə ixrac edilən avtomobillərə 25% tarif tətbiq edilir.

Həmçinin vurğulanıb ki, Çin ABŞ iqtisadiyyatından istifadə edərək ədalətli ticarət əməkdaşlığını pozub. “2018-ci ilin yanvarında Tramp administrasiyası aşkar edib ki, Çində polad və alüminiumun həddən artıq çox istehsalı dünya bazarına təsir göstərir və bu hal Amerikanın milli təhlükəsizliyinə zərbə vura bilər” - deyə bəyanatda bildirilib.

Gömrük rüsumlarının tətbiq ediləcəyi malların tam siyahısı açıqlanmayıb. Siyahının 15 iyunda dərc olunacağı gözlənilir. Ehtimal olunur ki, 25 faizlik tarif əsasən, Çindən gətirilən yüksək texnoloji məhsullara və “Çində istehsal olunub 2025” proqramı çərçivəsində istehsal edilən mallara tətbiq ediləcək.

Qeyd edək ki, 2 ölkə arasındakı ticarət mübahisəsi Vaşinqtonun Çindən idxal olunan 100 məhsula yüksək tariflər qoymasilə başlayıb. Həmin məhsulların hazırlanmasında Çin ABŞ intellektual mülkiyyətini oğurlamaqda ittiham edilir. Daha sonra isə Vaşinqton 1300 Çin malına tarif tətbiq edib. Çin tərəfi cavabında ABŞ-dan idxal olunan 106 məhsula 25 faizlik gömrük rüsumu qoyub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Tramp   Çin  





Xəbər lenti