Ankaradan "F-35" açıqlaması: "ABŞ verməsə..."

Ankaradan "F-35" açıqlaması: "ABŞ verməsə..."
  30 May 2018    Oxunub:1767
Əgər ABŞ Türkiyəyə beşinci nəsil "F-35" qırıcıları verməsə, Ankara bu hərbi təyyarələrə olan tələbatını başqa yerlərdən təmin edəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu deyib.

""F-35" məsələsi ilə bağlı mənim heç bir narahatlığım yoxdur. Çünki bu barədə ABŞ-la Türkiyə arasında imzalanan müqavilə hüquqi öhdəlikləri ehtiva edir ki, onu sadəcə bu formada ləğv etmək olmaz. Əgər bu təyyarələr bizə verilməsə, onda tələbatımızı başqa yerdən ödəyərik” – deyə Çavuçoğlu bildiirib.

Qeyd edək ki, ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. ABŞ Konqresinin nümayəndələr palatasının ötən həftə təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə deyilir ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz. Vaşinqton onu da bəyan edib ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər.

Daha sonra isə məlumat yayıldı ki, Türkiyə Amerikanın "F-35"ləri əvəzinə Rusiyanın beşinci nəsil "Su-57" qırıcılarını ala bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   S-400   F-35   Rusiya  



Xəbər lenti