Menbiç terrorçulardan təmizlənir: 3 mərhələli plan açıqlandı

Menbiç terrorçulardan təmizlənir: 3 mərhələli plan açıqlandı
  30 May 2018    Oxunub:1702
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşdən sonra Suriyada Fərat çayının qərb sahilində yerləşən Menbiç rayonunun 1 ay ərzində PKK-nın Suriya qolu olan PYD-YPG terrorçularından təmizlənməsi planı işə salınacaq.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Menbiçin terrorçulardan təmizlənməsinə dair Vaşinqtonla Ankara arasında texniki razılıq əldə olunsa da, bəzi elementlərin dəyişmə ehtimalı var. Lakin Çavuşoğlu ilə Pompeonun 4 iyun Vaşinqton görüşündə razılaşmanın yekun mətninin imzalanacağı və Menbiçin təmizlənmə əməliyyatına rəsmən start veriləcəyi bildirilir.

Plana əsasən, Menbiçin terrorçulardan təmizlənməsi 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə razılaşma sənədi imzalanan vaxtdan etibarən 30 gün ərzində YPG/PYD terrorçuları Menbiçi tərk edəcəklər. Türkiyə kəşfiyyatı isə bildirir ki, terrorçu təkilatların liderləri artıq indidən bölgəni tərk etməyə başlayıblar.

İkinci mərhələdə 4 iyun razılaşmasından 45 gün keçəndən sonra Türkiyə və Amerika hərbçiləri boşaldılan ərazilərdə birgə yoxlama aparacaqlar.

Üçüncü mərhələdə isə iyunun 4-dən sonrakı 60 gün ərzində Menbiçdə yerli əhalidən ibarət idarəetmə orqanı formalaşdırılacaq.

Qeyd edək ki, YPG/PYD terrorçuları Suriyanın Hələb vilayətinə daxil olan və əhalisinin 90 faizini ərəblər təşkil edən Menbiçi 2016-cı ildə ABŞ-ın dəstəyi ilə İŞİD-dən təmizləyərək ələ keçirib. Vaşinqton İŞİD-dən təmizlənən Menbiçi YPG/PYD-nin tərk edəcəyinə dair söz versə də, indiyədək bunu etməyib. Əksinə, həmin terrorçu təşkilatlara təlim keçmək üçün 2 min ABŞ hərbçisi Menbiçə göndərilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   YPG   PKK   PYD   Menbiç  





Xəbər lenti