“ABŞ-ın əlindəki kartlar azalır” - Bəşər Əsəd

“ABŞ-ın əlindəki kartlar azalır” - Bəşər Əsəd
  31 May 2018    Oxunub:1107
Suriya prezidenti Bəşər Əsəd başda ABŞ olmaqla Qərb ölkələrini Suriya böhranının siyasi yolla nizamlanmasını pozmaqda ittiham edib.
AzVision.az bildirir ki, Əsəd bu barədə RT telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Qərb ölkələri Suriyada siyasi nizamlanmaya məhz terrorçu qruplaşmaları dəstəkləmək, həmçinin digər silahlı dəstələrin Suriyaya girməsinə kömək etməklə mane olmağa çalışırlar.

Qərb koalisiyasının bu niyyətlərini pozmaq üçün Suriya prezidenti qarşıya qoyduqları əsas məqsədi açıqlayıb: “Onlardan daha çevik davranmalıyıq və düşünürəm ki, artıq bu istiqamətdə uğur əldə edirik. Hələbin, Deyr əz-Zorun, Homs və Dəməşqin azad olunmasından sonra ABŞ-ın əlində daha az kart qalıb. Amerikalılar ölkəmizdən getməlidirlər, gec, ya tez bu baş verəcək. Onlar İraqı da heç bir hüquqi əsas olmadan işğal etmişdilər və baxın görün, bunun sonu necə oldu. Onlar nəticə çıxarmalıdırlar. İraq istisna deyil, elə Suriya da. Bizim regionun xalqları xarici müdaxiləyə daha dözmək fikrində deyil”.

Bəşər Əsəd, həmçinin vurğulayıb ki, müharibədən pis heç nə yoxdur, lakin dialoqu qəbul etməyən terrorçularla yalnız güc yolu ilə mübarizə aparmaq mümkündür. Lakin o, Suriyada münaqişənin nə zaman bitəcəyini deməkdə çətinlik çəkib.

Xatırladaq ki, Bəşər Əsədlə Soçidəki görüşündə Rusiya prezidenti Vladimir Putin Suriyadakı bütün xarici qoşunların ölkəni tərk etməli olduqlarını bəyan etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Rusiya   ABŞ   terror  





Xəbər lenti