Magistratura imtahanının vaxtı açıqlandı

Magistratura imtahanının vaxtı açıqlandı
  31 May 2018    Oxunub:1674
Dövlət İmtahan Mərkəzi 2018-ci il iyunun 3-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan binasında aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olaraq istifadəçi adı və paroldan istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər zəruri məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

• Şəxsiyyəti təsdiq edən sənədin əslini;

• “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2018-ci il mayın 7-dən 17-dək aparılıb və 8183 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 7479 nəfəri Azərbaycan bölməsi, 704 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3561 nəfərini oğlanlar, 4622 nəfərini qızlar təşkil edir. 5014 nəfər ali təhsil müəssisələrinin builki, 3169 nəfər isə əvvəlki illərin məzunudur. 24 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 81 imtahan rəhbəri, 786 nəzarətçi-müəllim ayrılıb. Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti