Kim Çen Inın Trampdan nə istədiyi bilindi

Kim Çen Inın Trampdan nə istədiyi bilindi
  31 May 2018    Oxunub:1317
Trampla Kim Çen Inın görüşünə hazırlıq üçün aparılan danışıqlarda Şimali Koreya nümayəndələri Vaşinqton qarşısında bir neçə şərt irəli sürüb.
AzVision.az “Chosunİlbo”ya istinadən xəbər verir ki, bu barədə məlumat diplomatik mənbələrdən əldə olunub.

Bildirilib ki, Pxenyan Pxunqeri nüvə poliqonunu sökməklə artıq Koreya yarımadasının tam nüvəsizləşdirilməsi istiqamətində konkret addımlar atdığını və bu yola davam etmək niyyətində olduğunu göstərib. Əvəzində isə Vaşinqtonun da Pxenyana qarşı münasibətində irəli addım atmasını tələb edir.

“Şimali Koreya izah edib ki, əgər ABŞ-la diplomatik münasibətlər qurulsa, Pxenyana ünvanlanan düşmən və aqressiv siyasətə son qoyulsa və sanksiyalar aradan qaldırılsa, onda nüvə silahı əldə etməsi üçün səbəbi olmayacaq” – deyə “Chosunİlbo” qəzeti yazıb.

Məlumatda, həmçinin vurğulanıb ki, əgər hazırda Nyu-Yorkda olan Şimali Koreya Əmək partiyası mərkəzi komitəsinin sədr müavini Kim Yon Çolla ABŞ dövlət katibib Mayk Pompeo arasındakı danışıqlar uğurla bitsə, 12 iyunda Sinqapurdakı ABŞ-Şimali Koreya sammitində Trampla Kim Çen In nüvəsizləşmə, sanksiyaların aradan qaldırılması və ikitərəfli diplomatik əlaqələrin qurulmasına dair müqavilə imzalaya bilərlər.

Lakin buna cavab olaraq Vaşinqton da Pxenyana qarşı şərtlər irəli sürüb. Qəzet iddia edir ki, tam nüvəsizləşmə tərəfdarı olduğunu nümayiş etdirməsinə baxmayaraq, Pxenyan sonra bu mövqeyindən qaçmasın deyə, Vaşinqton bir növ zəmanət kimi Şimali Koreyanın 20 nüvə başlığının ABŞ-a verilməsini təklif edib. Lakin Pxenyan təkid edir ki, Vaşinqton öz hərbi-strateji obyektlərini Koreya yarımadasında yerləşdirməsin və avqusta planlaşdırılan “Ulchi-Freedom Guardian” ABŞ-Cənubi Koreya hərbi təlimlərini ləğv etsinlər. Pxenyan hesab edir ki, bu tədbirlər Şimalla Cənubi Koreya arasında hərbi balansın qorunmasına şərait yaradacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   nüvə   sanksiya  





Xəbər lenti