İranla yeni nüvə sazişinə dair danışıqlar başlayır

İranla yeni nüvə sazişinə dair danışıqlar başlayır
  01 İyun 2018    Oxunub:1331
Fransa İranın nüvə proqramına dair yeni sazişin imzalanması üçün qlobal danışıqlara başlayacaq
AzVision.az xəbər verir ki, bu barədə Fransa XİN-in yüksək vəzifəli rəsmisi “İzvestiya”ya məlumat verib. Fransa senatının xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasından məlumatı təsdiq ediblər.

Bildirilib ki, Fransa İranla hazırkı nüvə sazişindən çıxmaq və yenisinin imzalanmasına hazırlaşır. Yeni saziş isə bütün tərəfləri, xüsusən də birtərəfli qaydada hazırkı nüvə saişindən çıxan ABŞ-ı narahat edən bütün məsələləri əhatə edəcək.

“Nüvə silahı problemindən başqa, İranın ballistik raketlər hazırlaması və Yaxın Şərqdə hərbi iştirakını genişləndirməsi də bizi narahat edir. Məhz buna görə, biz Tehranla yeni qlobal və hərtərəfli danışıqlar prosesinə başlamaq istəyirik. İran başa düşməli və qəbul etməlidir ki, birgə şəkildə fəaliyyət göstərməliyik”- deyə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.

Fransa senatının xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə yuxarı palatasının vitse-spikeri Rober del Pikkia isə deyib ki, yeni nüvə sazişinin imzalanması üçün danışıqlara başlamaq kifayət qədər vaxt tələb edir. O, həmçinin bildirib ki, hazırkı saziş tam ləğv olunub yenisinə hazırlıq getsə belə, Tehranla münasibətləri, xüsusən də ticari-iqtisadi əlaqələri qorumaq çox vacibdir.

İranla yeni nüvə sazişinin imzalanması ideyası Almaniya bundestaqının bir sıra üzvləri tərəfindən də dəstəklənir.

Qeyd edək ki, mayın ortasında Avropa İttifaqının Sofiyadakı sammitində Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planına əlavələr edilməli və sənədə ballistik raket istehsalı ilə bağlı bənd salınmalıdır. Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edən Makron Rusiya prezidenti Vladimir Putinə İranla yeni nüvə sazişi imzalamaq üçün danışıqlara başlamağı təklif edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   nüvə   Fransa   Rusiya   YaxınŞərq  





Xəbər lenti