İspaniya hökuməti istefaya göndərildi

İspaniya hökuməti istefaya göndərildi
  01 İyun 2018    Oxunub:1115
İspaniya parlamentinin aşağı palatası baş nazir Mariano Raxoyun hökumətinə etimadsızlıq qərarı çıxarıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin istefasına deputatların 180-i səs verib (qərarın qəbulu üçün lazımı mütləq çoxluq 176-dır). Bununla da Raxoy baş nazir vəzifəsindən istefaya göndərilib.

Qeyd edək ki, bu, 1970-ci illərin sonunda İspaniyada demokratiyanın bərpasından sonra ölkə parlamentinin hökumətə göstərdiyi ilk etimadsızlıqdır. Raxoy 2011-ci ilin dekabrından baş nazir vəzifəsini icra edib. Onun hökumətinin yeni tərkibi isə 2016-cıildə təsdiqlənib.

İspaniyanın yeni baş naziri Sosialist Əmək Partiyasının lideri Pedro Sançes olacaq. Hələ səsvermədən öncə Raxoy Sançesi təbrik edib və deyib ki, parlamentin qərarını qəbul edir. Lakin baş verənlərlə bağlı eyni fikirləri bölüşmür və hesab edir ki, başlıca siyasi vəzifəsini – xalqa xidməti yerinə yetirə bilib.

Parlamentin Mariano Raxoy hökumətinə etimad göstərməməsinin səbəbi ötən həftə ölkədəki qalmaqallı “Gyurtel” korrupsiya işi üzrə İspaniya Milli Məhkəməsinin çıxardığı qərar olub. Həmin işdə Mariano Raxoyun hakim Xalq partiyasının yüksək vəzifəli üzvləri, o cümlədən partiyanın sabiq xəzinədarı Luis Barsenas korrupsiyada ittiham olunublar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İspniya   Baş-Nazir   Hökumət   İstefa  





Xəbər lenti