Puçdemonun ekstradisiyası qaçılmaz olacaq

Puçdemonun ekstradisiyası qaçılmaz olacaq
  01 İyun 2018    Oxunub:995
Almaniyanın Şlezviq-Qolştayn federal əyalətinin baş prokurorluğu Kataloniyanın sabiq lideri Karlos Puçdemonun İspaniyaya ekstradisiya edilməsi üçün yenidən Almaniyanın ali federal məhkəməsinə rəsmi ərizə göndərib.
AzVision.az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı məlumat yayıb. Müraciət ərizəsinə görə, Puçdemon həm də yenidən həbs altında tutulmalıdır.

Bundan əvvəl Şlezviq-Qolştayn əyalət məhkəməsi prokurorluğa bildirmişdi ki, Kataloniyanın sabiq rəhbərini həbs etməyə ehtiyac yoxdur, çünki o, Almaniya ərazisini tərk etməmək barədə söz verib. Bu səbəbdən Şlezviq-Qolştayn federal əyalətinin baş prokurorluğu məsələ ilə bağlı ölkənin ali məhkməsinə müraciət edib.

Qeyd edək ki, hələ 1 ay bundan əvvəl Almaniya ali məhkəməsi Puçdemonun ekstradisiyasi ilə bağlı ispan hökumətinin xahişini rədd etmişdi. Səbəb kimi Kataloniyanın müstəqillik kampaniyasındakı başlıca roluna görə, İspaniya dövləti əleyhinə üsyanda ittiham edilməsi idi. Bununla belə, məhkəmə Puçdemonun nisbətən az ağır ittiham - dövlət fondlarının mənimsənilməsi üzrə ekstradisiyasına razı ola biləcəyini demişdi. Bu isə Madridi qane etməyib.

İndi isə Almaniya Baş Prokurorluğu İspaniya hökumətindən aldığı yeni informasiyadan, məsələn, polisə qarşı zorakılığın əks olunduğu videolardan belə qənaətə gəlib ki, Puçdemonun dövlətə qarşı üsyanda ittiham edilməsi yetərincə əsaslandırılıb. Məhkəmənin ekstradisiya qərarını nə zaman verəcəyi isə bəlli deyil.

Xatırladaq ki, Kataloniyanın İspanyadan ayrılıb müstəqil dövlət olması üçün muxtar regionun lideri Karlos Puçdemonun qərarı ilə ötən il oktyabrın 1-də referendum keçirilib. İspaniya mərkəzi hökuməti bunun konstitusiyaya zidd olduğunu deyərək, prosesə mane olmağa çalışıb və referendumun nəticələrini tanımayıb. Baş nazir Mariano Raxoy Puçdemonu Kataloniyanın rəhbəri vəzifəsindən kənarlaşdırıb. Dövlətə qarşı qiyamda ittiham olunan Puçdemon həbsdən yaxa qurtarmaq üçün oktyabrın sonunda Belçikaya, oradan isə bu ilin martında Almaniyaya qaçıb. Almaniyada əvvəlcə həbs olunsa da, ölkə ərazisini tərk etməmək şərti altında zaminlə azadlığa buraxılıb.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: İspaniya   Almaniya   Kataloniya   Puçdemon  





Xəbər lenti