İraq türkmənlərinə hücum edilib

İraq türkmənlərinə hücum edilib
  01 İyun 2018    Oxunub:1643
Ötən gecə İraqın Kərkük şəhərində yaşayan türkmənlərə bombalı hücum gerçəkləşdirilib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəticədə 3 nəfər ağır xəsarət alıb.

Türkiyə Xarici İşlər Nazirliyi türkmənlərə qarşı bu hücumu pisləyən və İraq hökumətini məsuliyyətə çağıran bəyanat yayıb.

“Kərkükdəki naratlıq və qeyri-sabit vəziyyətdən istifadə edən bəzi dairələrin türkmənlərə qarşı bu alçaq hücumunu qınayır və İraqın səlahiyyətli hökumətindən hücumun icraçılarını dərhal ədalət mühakiməsinə təslim etmələrini gözləyirik” – deyə bəyanatda bildirilib. Hücumun kimlər tərəfindən təşkil olunması bərədə məlumat verilməyib.

Qeyd edək ki, türkmənlər mayın 12-də İraq parlamentinə keçirilən seçkilərdə yaşadıqları bölgələrdəki seçki məntəqələrində verdikləri səslərin kürd partiyalarının adına yazılmasına etiraz edirlər. Onlar seçki qutularındakı səslərin heç kimin oğurlamağa haqqının çatmadığını və tapdanmış hüquqları bərpa edilməyənədək aksiyaları dayandırmayacaqlarını bəyan ediblər.

Kərkükdəki etirazlara son qoymaq üçün İraqın baş naziri Heydər İbadi türkmənlərin yaşadığı yerlərdə səslərin əllə yenidən hesablanmasını təklif edib. Lakin İraq qanunlarına görə, bunun üçün İraq Ali Seçki Komissarlığı müvafiq qərar verməlidir. Komissarlıq isə dünən bəyan edib ki, İraqda seçki qutularından çıxan səslərlə açıqlanan rəsmi səsvermə statistikası üst-üstə düşür və saxtakarlıqla bağlı iddialar sadəcə ölkədəki seçkilərə kölgə salmaq məqsədi daşıyır. İraq Ali Seçki Komissarlığından bildirilib ki, seçki nəticələrinin əllə yenidən sayılması üçün İraq federal məhkəməsinin qərarı olmalıdır.

Xatırladaq ki, İraqdakı parlament seçkiləri nəticəsində kürdlər ümumilikdə 42, türkmənlər isə cəmi 9 deputat mandatı əldə edə biliblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   Kərkük   türkmən  





Xəbər lenti