Suriyaya hücumun səbəbləri - Obama da bunu etməyib

Suriyaya hücumun səbəbləri - Obama da bunu etməyib
  02 İyun 2018    Oxunub:2532
Bu ilin aprelində Suriyaya aviazərbələr endirmək üçün Konqressin icazəsinə ehtiyac yox idi, çünki bu məsələ ABŞ-ın milli maraqlarına toxunurdu.
AzVision.az xəbər verir ki, bu barədə "Defense News" agentliyi ABŞ Ədliyyə Nazirliyinin yaydığı hesabata əsasən məlumat verib.

22 səhifəlik hesabatda ABŞ və müttəfiqlərinin Suriyaya havadan zərbələr endirməsinin vacibliyi regionda sabitliyi dəstəkləmək və humanitar fəlakətin qarşısını almaq amillərilə izah edilib. Həmçinin vurğulanıb ki, Suriyaya hücumun məqsədi düşməni kimyəvi silahdan istifa etməkdən çəkindirmək idi.

ABŞ Ədliyyə Nazirliyi, hətta sabiq prezident Bara Obamanın da Liviya və Yəmənə hücum zamanı Konqressdən icazə almadığına istinad edib. Lakin Suriyaya zərbələrin bu cür izahı Konqressdə sərt tənqidlə qarşılanıb.

“ABŞ-a raketlər atan istənilən dövlətin davranışına Amerikada hərbi təcavüz aktı kimi baxılacağına kimin şübhəsi var? Suriyaya hücumun ABŞ-ın milli maraqlarına cavab verdiyini iddia edərək, Konqressin icazəsini almadan prezidentin hərbi hücuma qərar verməsi sadəcə cəfəng və gülməlidir.” – deyə demokrat senator Tim Keyn bəyan edib.

ABŞ nümayəndələr palatasının digər üzvü Adam Şiff isə bildirib ki, Vaşinqtonun bu cür güc nümayişi yalnız sonsuz müharibələrə aparır. Odur ki, bu cür “özbaşına” qərarlarla ciddi tədbirlər görülməlidir.

Xatırladaq ki, 14 apreldə Bəşər Əsədin Dumadfa kimyəvi silah tətbiq etməsi iddiasilə ABŞ, Fransa və Böyük Britaniyadan ibarət koalisiya qüvvələri Suriyaya havadan zərbələr endirmişdi. Rəsmi Dəməşq isə kimyəvi silahdan istifadəyə dair məlumatların yalan olduğunu bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Suriya   Konqress  





Xəbər lenti