İspaniya tarixində bir ilk - Ateist baş nazir oldu

İspaniya tarixində bir ilk - Ateist baş nazir oldu
  02 İyun 2018    Oxunub:1788
İspaniyanın Sosialist Əmək Partiyasının lideri Pedro Sançes ölkənin baş naziri olaraq rəsmən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Sançesin bu gün Sarsuela kral sarayında andiçmə mərasimi keçirilib.

“Hökumət başçısı kimi vəzifələrimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, krala sadiq olacağıma, dövlətin əsas qanunu kimi konstitusiyaya riayət edəcəyimə və ona riayəti təmin edəcəyimə, həmçinin Nazirlər Şurası müzakirələrinin məxfiliyini qoruyacağıma söz verirəm.” – deyə Sançes and içib.

Pedro Sançes İspaniya tarixində bibliya və xaça əl basmadan and içən ilk baş nazir olub. Çünki, o, ateistdir.

Sançesin andiçmə mərasimində İspaniya kralı VI Filip, sabiq baş nazir Mariano Raxoy, parlamentin spikeri Ana Pastor, Senatın rəhbəri Pio Qarsiya və digər yüksək vəzifəli dövlət rəsmiləri, həmçinin məhkəmə üzvləri iştirak ediblər. Onu təbrik edən ilk şəxs isə, əlini sıxaraq uğurlar diləyən sabiq baş nazir Raxoy olub.

Xatırladaq ki, ötən gün İspaniya parlamentinin aşağı palatası baş nazir Mariano Raxoyun hökumətinə etimadsızlıq qərarı çıxararaq, onu istefaya göndərib. Bu, 1970-ci illərin sonunda İspaniyada demokratiyanın bərpasından sonra ölkə parlamentinin hökumətə göstərdiyi ilk etimadsızlıqdır. Raxoy 2011-ci ilin dekabrından baş nazir vəzifəsini icra edib. Onun hökumətinin yeni tərkibi isə 2016-cı ildə təsdiqlənib.

Parlamentin Mariano Raxoy hökumətinə etimad göstərməməsinin səbəbi ötən həftə ölkədəki qalmaqallı “Gyurtel” korrupsiya işi üzrə İspaniya Milli Məhkəməsinin çıxardığı qərar olub. Həmin işdə Mariano Raxoyun hakim Xalq partiyasının yüksək vəzifəli üzvləri, o cümlədən partiyanın sabiq xəzinədarı Luis Barsenas korrupsiyada ittiham olunublar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İspaniya  





Xəbər lenti