İran nüvə sazişinin dəyişdirilməsini istəmir

İran nüvə sazişinin dəyişdirilməsini istəmir
  04 İyun 2018    Oxunub:1427
Tehran nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planına riayət olunmasının tərəfdarıdır.
AzVision.az "İnterfax" agentliyinə istinadən bildirir ki, bu barədə İran parlamentinin birinci vitse-spikeri Əli Mötəhəri Moskvaya rəsmi səfərində bəyan edib.

“İran mövcud nüvə sazişinə heç bir dəyişiklik və əlavələri qəbul etməyəcək. Biz hesab edirik ki, əgər razılaşma əldə olunubsa, o, tam şəkildə həyata keçirilməlidir.” – deyə Mötəhəri vurğulayıb.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçılar, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasının tərəfdarıdırlar.

Lakin Fransa XİN və Senatının rəsmiləri bildiriblər ki, Fransa İranla hazırkı nüvə sazişindən çıxmaq və yenisinin imzalanması üçün qlobal danışıqlara başlamağa hazırlaşır. Və yeni saziş bütün tərəfləri, xüsusən də birtərəfli qaydada hazırkı nüvə saişindən çıxan ABŞ-ı narahat edən bütün məsələləri əhatə edəcək. İranla yeni nüvə sazişinin imzalanması ideyası Almaniya bundestaqının bir sıra üzvləri tərəfindən də dəstəklənir.

Həmçinin, mayın ortasında Avropa İttifaqının Sofiyadakı sammitində Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planına əlavələr edilməli və sənədə ballistik raket istehsalı ilə bağlı bənd salınmalıdır. Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edən Makron Rusiya prezidenti Vladimir Putinə də İranla yeni nüvə sazişi imzalamaq üçün danışıqlara başlamağı təklif edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Avropa   ABŞ   nüvə  





Xəbər lenti