Gürcüstanda nə baş verir? - Böyük etiraz aksiyası gözlənilir

Gürcüstanda nə baş verir? - Böyük etiraz aksiyası gözlənilir
  05 İyun 2018    Oxunub:7501
Son günlər Gürcüstanda ardıcıl etiraz aksiyaları keçirilir. Məişət problemindən başlayan etirazlar hökumətin istefası tələbilə davam etdirilir. Aksiyalara səbəb qətlə yetirilmiş iki yeniyetmənin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasıdır.
Aksiya iştirakçılarının fikrincə, ölkədə prokurorluq və məhkəmə orqanları korrupsiyalaşıb, bunun günahkarı isə indiki hakimiyyətdir.

Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov AzVision.az-a etirazların səbəbləri barədə danışıb. Deputat hesab edir ki, 2012-ci ildən sonra Gürcüstanda vəziyyət tamamilə dəyişib. Onun fikrincə, yüksək vəzifəli şəxslərin uşaqları, qohumları "qırmızı xətti" keçiblər.



"Etirazlara səbəb olan hadisəni törədən şəxs prokurorluğa bağlı adamın ailə üzvüdür və işi gizlətməyə çalışırlar. Buna görə insanlar etiraz edirlər. Onlar dövləti idarə edə bilməyənlərə "qırmızı kart" göstərirlər. Aksiyalar davam edir və yaxın günlərdə böyük aksiyanın olacağı gözlənilir. Həmçinin metropoliten işçiləri aksiya edərək maaşlarının artırılmasını tələb edirlər. Polis işçilərinin də imkanları olsa, aksiyalara çıxar. İnsanların çoxu lombardlara borcludur. Bu, kritik vəziyyətdir. 600 mindən artıq insanın lombardlara borcu var. Bütün bunlar insanlarda narazılıq yaradıb. Ona görə də aksiyalar keçirilir, insanlar xilas olmaq istəyirlər".

A.Süleymanov, həmçinin vurğulayıb ki, ölkədə yenidən parlament və prezident seçkiləri keçirilməlidir. Onun sözlərinə görə, Gürcüstan əhalisi Saakaşvilinin düzgün yolda olduğunu indi dərk edir.



Xatırladaq ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Xortava küçəsində 51 nömrəli məktəbin iki şagirdi aldıqları bıçaq yarasından dünyalarını dəyişib. Məhkəmə şagirdləri qətlə yetirən iki nəfərdən birini azadlığa buraxıb, digərinin cinayət işində maddələri dəyişərək ona yüngül cəza verib. Ölən şagirdlərin valideynləri bunda prokurorluq orqanlarını günahkar sayaraq aksiyaya başlayıblar. Baş prokuror ittihamlara və aksiya iştirakçılarının tələbinə uyğun olaraq istefa verib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gürcüstan   Aksiya   Deputat  





Xəbər lenti