ABŞ-da kritik görüş: Çavuşoğlu Pompeo ilə danışıqlar aparır

ABŞ-da kritik görüş: Çavuşoğlu Pompeo ilə danışıqlar aparır
  04 İyun 2018    Oxunub:2134
Amerikada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hazırda davam edən görüş ABŞ Dövlət Departamentində keçirilir. İkitərəfli iclasın keçiriləcəyi otağa girərkən Çavuşoğlu ilə Pompeo jurnalistlərə heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Pompeo ilə görüşmək üçün Çavuşoğlu dünəndən Vaşinqtona səfər edib. Bugünkü danışıqlarda Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu birləşmələrindən təmizlənməsi, Fətullah Gülənin ekstradisiyası, iki ölkə arasında "S-400"lərlə bağlı yaranan gərginlik və digər məsələlərin müzakirə olunacağı gözlənilir.

Görüşdən əvəl Çavuşoğlu bildirib ki, Türkiyə Suriyanın bölünməsinə yönələn bütün səyləri rədd edir. Həmçinin vurğulayıb ki, amerikalı həmkarı ilə bugünkü danışıqlar müsbət yekunlaşsa, görüşün ardınca Menbiçlə bağlı əldə olunan razılaşmanın icrasına başlanacaq ki, bu da hər iki ölkə üçün dönüş nöqtəsi ola bilər.

Qeyd edək ki, Türkiyə KİV-lərində Mövlud Çavuşoğlu ilə Mayk Pompeo arasında iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşdən sonra Suriyada Fərat çayının qərb sahilində yerləşən Menbiç rayonunun mərhələli şəkildə 1 ay ərzində PKK-nın Suriya qolu olan PYD-YPG terrorçularından təmizlənməsi planının işə salınacağına dair məlumatlar yayılıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   S-400   Menbiç  





Xəbər lenti