`Ürəyiyumşaqlığım başıma bəla oldu`- MÜSAHİBƏ

`Ürəyiyumşaqlığım başıma bəla oldu`- MÜSAHİBƏ
  11 Oktyabr 2013    Oxunub:1385
`Jurnalist həmkarlarımdan ricam var`
Onunla tikanlı məftillər arxasında qarşılaşmaq, onu məhkumların arasında görmək çox ağır idi. Mətbuatda yeni çalışmağa başlayanda mənə kriminal hadisələrdən xəbər hazırlamaq üçün mənbələr tapmaqda, əlaqələndirməkdə də onun çox köməyi dəymişdi. Vaxtı ilə ölkədə baş verən cinayət hadisələrini, məhkəmə çəkişmələrini mətbuat səhifələrində yayan ən operativ jurnalist hesab olunurdu. Bəlkədə həmin vaxt bu cür xəbərləri yazanda özünün belə bir gün kriminal xəbər olacağı ağlına da gəlməzdi. Amma ataların bir məsəli var: "Bəzən adamın ağlına gəlməyən başına gəlir”. Haqqında danışdığım şəxs də belələrindəndir, deyərdim... Bəlkə də artıq çoxunuz söhbətin kimdən getdiyini bildiniz. Elman Malıyev. Bu imza kriminal xəbərləri həvəslə oxuyan oxucuların da yaxşı yadında olar. İllərdir ki, mediadan imzası silinən jurnalist Elman Malıyev 3 ildən çoxdur ki, azadlıqdan məhrum olunub. AzVision.az xəbər verir ki, movqe.az kriminal sahədə məşhur imza sahiblərindən olan Elman Malıyevdən müsahibə alıb, amma tikanlı məftillər arxasında.



-Sizi burda, məhkumların arasında görmək mənim üçün çox ağır oldu. Düzü taleyin bizi burda qarşı-qarşıya gətirəcəyi ağlıma belə gəlməzdi. Bir vaxtlar kriminal sahənin ən opeativ jurnalisti necə oldu ki, özü dəmir barmaqlıqlar arasına düşdü?

- Bu taleyin qismətidir. Heç mənim özümün də ağlına gəlməzdi ki, nə vaxtsa bura, həbsxanaya düşəcəm. Amma oldu (kövrəlir, az keçmir ki, özünü yenidən ələ alıb söhbətini davam etdirir). Hardasa mənim də günahımın olduğunu etiraf edirəm. Amma ürəyiyumşaqlığım da başıma bəla oldu. Bu barədə artıq danışmaq istəmirəm.

-Sizi Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirli biliblər?

- Cinayət Məcəlləsinin 178.2.2 dələduzluqla.

-Neçə il azadlıqdan məhrum edilmisiniz?

- 5 il demək olar ki.

-Cəzanızın nə qədərini çəkmisiniz?

-2010-cu ilin iyun ayının 6-dan həbs olumuşam. 3 il 4 ay gedib, qalıb 1 il 7 ay.

- 3 ildən çoxdur ki, tikanlı məftillər arxasındasız Elman müəllim. Bu qədər müddət azadlıqdan məhrum olmaq nələri yaşatdı sizə?

-Əlbəttə, asan keçmədi bu illər. Qələm adamı üçün, bir jurnalist üçün xüsusilə ağırdır həbsxana həyatı. Ailədən, övladlarından, dost-tanışlarından ayrı qalmaq, onlarsız yaşamaq məcburiyyətində qalmaq çox çətindir. Amma görünür bu da taleyin bir qismətidir. Qismətdən qaçmaq olmaz deyirlər. Mən də qaçammadım. Hardasa günahım da oldu, amma ürəyiyumşaqlığım, tanımadığım bir insana inanmağımın sonu belə oldu.

- Ailənizdən söhbət düşmüşkən evdən kimlər gəlir sizin görüşünüzə?

-Həyat yoldaşım, uşaqlarım. Ayda bir dəfə görüşümə gəlirlər.

-Neçə övladınız var?

-Dörd, üç qız bir oğlan.

-3 il həbsxana həyatında ailənizdə nələr dəyişdi?

-Oğlum həqiqi hərbi xidmətə getdi, qızım ailə qurdu, nəvəm dünyaya gəldi.

-Bütün bu yeniliklər sizsiz baş verdi. Ailə başçısı olmadan bütün bunları yaşamaq ailəniz üçün çətin olmadı ki?

-Əlbəttə çətinlik olmamış deyil. Amma sağ olsun ailəm məni tək qoymadı. Oğlum tez-tez yanıma gəlirdi.

-Neçə illər jurnalist kimi mətbu orqanlarda çalışmısınız. Həmkarlarınızdan sizi xatırlayan, yada salıb görüşünüzə gələn varmı?

- Var, sağ olsunlar. Məni yada salan dostlarım, həmkarlarım var. Ekspress qəzetindən İbrahim müəllim, Qabil İbrahimoğlu, Elşən Balaxanlı, APA-dan Pərviz də məni yada salırlar. Hətta Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrayım Təhməzov, Ramilla Allahverdiyeva mənə böyük mənəvi dəstək göstərirlər.

-Etiraf edim ki, sizi yada salmayanlar sırasında mən də varam. İncimisiniz yəqin bizlərdən...

-Yox yada salan da sağ olsun salmayanlar da, həmkarlarım mənim üçün əzizdirlər. Sonda həmraklarımdan bir ricam olacaq.

- Burada nəyə ehtiyacınız var?

-Ancaq mənəvi dəstəyə. Ancaq, başqa heç nəyə.

- Özünüz də dediniz ki, xüsusən jurnalist üçün həbsxana həyatı çox çətindir. Burada bu çətinliyi unutmaq üçün nə edirsiniz?

-Deyim ki, bu cəzaçəkmə müəssisəsində əvvəllər vəziyyət heç də ürəkaçan deyildi. Amma Penitensiar Xidmətdə aparılan islahatlar səmimi deyirəm ki, çox böyük dəyişikliklər edib cəzaçəkmə müəssisələrində. Mənim cəza çəkdiyim 17 saylı cəzaçəkmə müəssisəsində vəziyyət çox yaxşıdır. Həm şərait, həmçinin də məhkumlara münasibət. Hazırda cəzaçəkmə müəssisəsinin rəisi Elçin Əlicanov, onun müavini Eldəniz İsgəndərov ciddi nəzarət aparırlar. Müəssisədə heç bir qanun pozuntusuna yol verilmir.

- Maraqlıdır, Elman müəllim burda vaxtınızı necə keçirirsiniz?

-Burada mən kompyuter otağında otururam. Cəzaçəkmə müəssisəsində mədəniyyət tədbirlərini təşkil edirəm, kitabxanaya nəzarət edirəm.

-Məhkumlar arasında kitaba maraq göstərən çoxdurmu?

-Hə, çoxdur. Məhkumlar azadlıqda olanlardan bəlkə də, çox kitaba maraq göstərir.

-Hansı kitabları daha çox oxuyurlar?

-Ən çox detektiv janrda yazılmış əsərləri oxuyurlar.

-Məsələn kimin əsərlərini?

-Çingiz Abdullayevin, Elxan Elatlının.

-Məhkumlarla burda şəxsi münasibətiniz necədir? Sizin jurnalist olduğunuzu bilirlər?

-Yaxşıdır mənə müəllim deyə müraciət edirlər. Hörmətimi saxlayırlar. Hə, bilirlər jurnalist olmuşam.

-Peşəniz üçün darıxmısınız Elman müəllim?

-(Köks ötürür) Əlbəttə, peşəm üçün burnumun ucu da göynəyir.

-Burda necə mətbuatla maraqlanırsınızmı? Hansı qəzetləri oxuyursunuz?

-Hə, maraqlanıram. Ölkənin ictimai-siyasi həyatında baş verənləri buradan izləyirəm. Hansı qəzet bura gəlirsə, hamısını oxuyuram.

-Buradan azadlığa çıxandan sonra yenidən peşənizə qayıdacaqsınızmı?

-Hə, elə ən böyük arzumdur ki, azadlığa çıxıb yenidən qələmi əlimə alım.

P. S. Elman müəllimlə suallarım çox olsa da, ayrılmış vaxt az olduğundan sağollaşıb cəzaçəkmə müəssisəsini tərk etməli oldum. Arxadan məni tanıyan bütün həmkarlarıma salam söylə deyib qapının ağzında vidalaşdıq onunla. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Elman Malıyevin "həmkarlarıma bir ricam olacaq” sözü yadıma düşdü. Artıq gec idi. Elə müsahibəni Elman Malıyevlə görüşümdən dərhal sonra yazmamağımın səbəbi də, məni rahat buraxmayan, Elmanın həmkarlarına ünvanlamaq istədiyi, amma görüşümüz tələsik başa çatdığından söyləməyə unutduğu mesajı idi. Bu müsahibəni hazırlayarkən Movqe.az-ın redaksiyasına qəfil bir zəng gəldi. Cəzaçəkmə müəssisəsindən Elman Malıyev idi. Unutduğu həmin mesajı həmkarlarına çatdırmaq üçün zəng etmişdi. Salamlaşandan sonra ilk sualı bu oldu? Müsahibəni hələ sayta yerləşdirməmisən ki? Yox cavabını alandan sonra sevincək məndən jurnalist həmkarlarının dəstəyinə ehtiyac duyduğunu söylədi. Bildirdi ki, əfv olunması üçün Əfv Komissiyasına müraciət edib: "Mən Əfv Komissiyasına bu günlərdə əfv olunmam üçün müraciət etmişəm. Amma həmkarlarımdan da rica edirəm, bu məsələdə mənə dəstək olsunlar. Bizim həmkarımız sayılan, hazırda millət vəkili olan Elmira Axundova bir dəfə Əfv Komissiyasına mənim üçün müraciət edib. Həmkarlarımdan da mənə bu istiqamətdə dəstək olmalarını rica edirəm. Onlardan da xahiş edirəm ki, Komissiyaya müraciət etsinlər. Allah heç birinin yolunu bura salmasın. Bu həyatdır. Mənim də günahım olub. Amma günahsız qul yoxdur deyirlər. Böyük Allah da günahı olan qullarını bağışlayır. İnanıram ki, məni də bağışlayarlar. Həmkarlarıma, söyləyin ki, onların dəstəyinə böyük ehtiyacım var”.

Zülfiyyə Quliyeva


Teqlər:  





Xəbər lenti